Son zamanlar bəzi anti-Azərbaycan qüvvələr ölkəmizi “yumşaq qarnı” ilə vurmağa çalışırlar. Söhbət SOCAR-a qarşı aparılan boykot və bu qəbildən kampaniyalardan gedir.
Bir müddət öncə Ukraynada SOCAR-ın boykot edilməsi ilə bağlı kampaniya başlayıb. Bundan əvvəl isə şirkətin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb. Ekspertlər iddia edir ki, sözügedən prosesi Qərb və onun himayə etdiyi erməni lobbisi təşkil edir.
Diqqətçəkən məqam budur ki, başqa neft ölkələri ilə bağlı eyni təcrübə təkrarlanmır. Bəzi Qərb dairələri Azərbaycanı neft ölkəsi olduğu üçün ekologiyanı pozmaqda günahlandırırlar. Hətta COP29-un Bakıda keçirilməməli olduğu deyilir.
Rəsmi Bakı bu “zəif” nöqtəni necə gücləndirəcək?
Globalinfo.az-a danışan politloq Qabil Hüseynli deyib ki, Azərbaycana və SOCAR-a qarşı boykot kampaniyası daha əvvəl də aparılıb:
“Təəssüf ki, bu kampaniyalar Ukrayna, Türkiyə kimi dost, tərəfdaş ölkələrdə aparılır. Əslində, bu da təsadüfi deyil. Bu yolla rəsmi Bakı ilə Kiyev-Ankara arasında gərginlik yaradıb, münasibətləri korlamağa çalışırlar.
Aydın məsələdir ki, Azərbaycanın bu ölkələrlə heç bir problemi yoxdur. Əksinə Azərbaycan Türkiyə ilə müttəfiqdir. Ukraynanın haqlı mübarizəsində isə rəsmi Bakı ən çox dəstək verən ölkələrdəndir. İnanıram ki, bunu həmin ölkələrin hökumətləri də bilir. Bu mənada prosesin pərdəarxasında anti-Azərbaycan qüvvələrin olması daha ağlabatandır”.
Qabil Hüseynli
Politoloq vurğulayıb ki, erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasında fikir ayrılıqları var:
“Yəni İrəvan sülh prosesində maraqlı olduğunu desə də, aydın məsələdir ki, lobbi bunu istəmir. Bakı ilə İrəvan arasında sülhün əldə edilməsi erməni lobbisi və diasporunun fəaliyyətinin sonu deməkdir. Buna görə də xüsusilə lobbi xaricdə fəal anti-Azərbaycan kampaniyası aparır. Yəni SOCAR-a qarşı başlanan boykotun kökündə həm də erməni lobbisi dayanır”.
Q.Hüseynli deyib ki, heç bir güc COP29-un ölkəmizdə keçirilməsinə mane ola bilməyəcək:
“Ümumiyyətlə, Azərbaycanın neft-qaz ixrac edən ölkə olması COP29-a ev sahibliyi edə bilməyəcəyi anlamına gəlmir. Əslində, bu tədbir ekologiya ilə bağlıdır və daha çox neft-qaz ixrac edən ölkələrdə olur. Misal üçün bundan əvvəl BƏƏ-də, ondan öncə isə Brazilyada baş tutdu. Əgər problem ev sahibi ölkənin neft-qaz istehsalçısı olmasıdırsa, o zaman niyə həmin ölkələrdə COP tədbiri keçirildi?! Məntiqlə onlar da ev sahibliyi etməməli idi.
Bu iddianı daha çox Fransa səsləndirir. Görünür, Paris Olimpiya Oyunlarındakı fiaskosunu COP29-un ölkəmizdə keçirilməməsinə çalışaraq unutdurmaq istəyir. Lakin bütün bunlar boş və mənasızdır. Rəsmi Bakı COP29-u təşkil edəcək”.
Turan Rzayev
Globalinfo.az