ehali

Azərbaycan əmək bazarında işəgötürənin tələbləri ilə çalışmaq istəyənlərin imkanları arasında ciddi uyğunsuzluq müşahidə olunur. Belə ki, Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, son bir ildə şirkətlər əsasən texniki ixtisaslar, satış və maliyyə sahələrində işçi axtarır. Bildirilir ki, müraciət edənlərin böyük hissəsi ya təcrübəsizdir, ya da müasir dövrün tələb etdiyi rəqəmsal bacarıqlara malik deyil. Digər tərəfdən, gənclər də işsizlikdən şikayətlənir və təcrübə qazanmaq üçün imkan verilmədiyini deyirlər.

Müasir dövrün tələbləri ilə çoxmu sərtdir? İşləmədiyimiz halda necə təcrübə qazanaq? Məsələnin həll yolu nədir?

Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev deyib ki, bu məsələ təkcə statistika yox, real həyatın özüdür:

“Rəsmi açıqlamalar bir tərəfə, gündəlik praktikada mənzərə tamam başqadır. Əmək bazarında real iş yerləri çox azdır. Dövlət Məşğulluq Xidməti belə, bu qədər müraciət edən vətəndaşı işlə təmin etmək gücündə deyil. Bu da göstərir ki, problem təkcə gənclərin bacarığında yox, ümumilikdə iş yerlərinin kəskin çatışmazlığındadır. Bəli, bəzi sahələrdə – xüsusən texniki, maliyyə və İT istiqamətində – yüksək maaşlı iş yerləri var. Amma bu yerlər çox azdır və çox ciddi peşəkar, rəqəmsal bacarıqlar tələb olunur. Bir neçə yüksək maaşlı “elit” vakansiyanın olması ümumi mənzərəni dəyişmir. Ümumilikdə isə əmək bazarında durğunluq var”.

razi 1

Razi Nurullayev

Deputat qeyd edib ki, bu vəziyyətdə peşə təhsilinin rolu xüsusi vurğulanmalıdır:

“Son illər bu sahədə müəyyən işlər görülür və bu, müsbət haldır. Amma proses tək-tək layihələr səviyyəsində yox, kütləvi və sistemli şəkildə aparılmalıdır. Ölkə üzrə peşə təhsili real əmək bazarının tələblərinə uyğun qurulmalı, gənclər kağız üzərində deyil, real peşə öyrənməlidirlər. Peşə məktəbləri formal diplom verən qurum yox, işə hazır kadr hazırlayan mərkəzlərə çevrilməlidir. Əgər peşə təhsili kütləviləşməsə və real sektorla birbaşa bağlanmasa, gənclər yenə də diplomla iş axtarmağa davam edəcək, lakin bazarda onlara uyğun yer olmayacaq. Bu da işsizlik problemini dərinləşdirəcək. Burada söhbət maarifləndirici şüarlardan yox, konkret nəticə verən dövlət siyasətindən gedir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: