Onlar əttökəndirlər! Biabırçıdırlar! Şitdirlər!

 

Bu yazını təəssüf hissi ilə qələmə alıram. Globalinfo.az saytı məndən Azərbaycan efirlərinin (yəni hamısının!) niyə bu günə düşdüyünün səbəbləri haqqında fikirlərimi soruşur. Əslində ağır mövzudur. Bütün səbəbləri və biabırçı vəziyyəti təsvir etmək mümkünsüzdür!  Ona görə yadımda qalan, yadıma düşən bir sıra çatışmazlıqları, nöqsanları qeyd etmək istəyirəm.

Ən başdan onu deyim ki, sovetdən qalan diktorlardan ( indi aparıcılar adlandırılırlar) başqa bütün televiziyaların aparıcıları Azərbaycan dilinin qayda-qanunlarından xəbərsizdirlər. Aparıcılar elə danışırlar ki, nöqtə, vergül, vurğu, rabitə bilinmir. Mənasız, məzmunsuz cümlələr tamaşaçını yorur. Necə deyərlər, “dil boğaza qoymurlar”! Qeyri-təbii, yeri gəldi-gəlmədi, yalandan gülür və ya gülümsəyirlər. Hərəkətləri çox vaxt yerinə düşmür, şit, bayağı görünürlər. Ümumiyyətlə, xalq qarşısında özlərini idarə edə bilmirlər. Onu-bunu tərifləməklə məşğuldurlar, təki kimlərinsə xoşuna gəlsinlər! Efirə qonaq qismində dəvət edilənlərlə danışmaq mədəniyyətləri yoxdur!

Heç bir telekanal özünün eksklüziv verilişini ortaya çıxara bilmir. Qonşu ölkələrin televiziyalarından “götürdüklərini” çeynəyib-tüpürərək tamaşaçılara sırıyırlar!

Əyləncəli verilişlərin çoxu əttökəndir! Bir dəfə gördüm AzTV-də gənc aktyorlar böyük Mirzə Ələkbər Sabirin satirik şeirlərini  bir-birinin kürəyinə, dizinə qapaz ilişdirə-ilişdirə, hırıldaya-hırıldaya elə oxudular ki, onların, verilişin redaktorunun əvəzinə, mən xəcalət çəkdim! Ümumiyyətlə, aktyorlarımız satirik, yumoristik əsərləri lağlağı kimi ifa edirlər ki, bu, dözülməzdir! Bunlar anlamırlar ki, satira xalqın dərdidir, həmin əsərlərdə acı göz yaşları var, gülmək üçün yazılmır!

Aparıcılar verilişlərin fəqərə sütunudur. Bizim televiziyalarda onlar necə görünürlər? Qadın aparıcılar gah ekrandakı divanın küncündə əyri şəkildə otururlar, gah dekalte paltarda, hər yeri açıq tamaşacı qarşısına çıxırlar, gah qızıl-brilliantlarını nümayiş etdirirlər, gah uzun müddət xalqa arxalarını çevirib dayanırlar, gah ona-buna əsəbiləşdiklərini büruzə verirlər və sair və ilaxir. Kişi aparıcılar isə evdə, küçədə olduğu kimi danışırlar, özlərini külli-ixtiyar sahibi kimi aparırlar, yeri gəldi-gəlmədi, şit-şit gülürlər (bəzən də ağlayırlar)…

Sosial verilişlər tamamilə biabırçıdır! Əvvəla, həmin verilişləri aparanlar bir-biri ilə rəqabətə girib sübut etmək istəyirlər ki, guya biri o birindən yaxşı veriliş aparır. Bu da alınmır. Verilişlər bir-birinə bənzəyir. Nəticədə tamaşaçılar yorulur. Televiziyaların ekspert kimi dəvət etdikləri qonaqların səviyyələri haqqında düşünün! Keçmişdə diktor Nailə İslamzadənin hazırlayıb nümayiş etdirdiyi “Ailələr, talelər” verilişini xatırlayın. Görün, həmin verilişə kimlər dəvət olunurdu: Əjdər Ağayev, Bəkir Nəbiyev, Əbdül Əlizadə, Adilə Namazova, Ağabəy Sultanov, Təvəkkül Səlimov… Bu insanlar məşhur akademiklər, professorlar, xalqın müəllimləri idilər! İndi hörmətli ziyalılar sosial verilişlərdə iştirak etməyə utanırlar! Çünki həmin verilişlərə gələn bir sıra qızlarımızın, gəlinlərimizin səsləri qonşu ölkələrdə də eşidilir!  Kişilərimizin danışıqlarında, hərəkətlərində alicənablıq görünmür.

Toyları çəkirlər, gəlinlərimizdə məsumluq hiss olunmur, qışın günündə “Hopstop” oynayır, atılır-düşür, ortalıqdan çıxmırlar! Bir növ “uçana-qaçana” aman vermirlər! Qışın günündə sinələri, qolları açıq rəqs eləməkdən doymurlar! Televiziyalar da bütün bunları nümayiş etdirirlər! Axı, televiziyalar bir növ həm də tərbiyə ocağı olmalıdır, tamaşaçılar ağsaqqallardan, ağbirçəklərdən, dünyagörmüş adamlardan, elin-obanın tanıdığı ziyalılardan, elm və mədəniyyət adamlarından çox şeylər öyrənə bilərlər… Televiziyaların verilişləri elə gündədir ki, xalqa nümunə ola biləcək insanlar oradan qaçırlar!

Müğənnilər, “manıslar” evlərini, villalarını, maşınlarını, buz dolabındakı yeməklərinə qədər (görməmişlər!) nümayiş etdirirlər! Bunların çəkilişlərini aparanlar kimlərdir? Əlbəttə, televiziyaların onların özləri kimi səviyyəsiz əməkdaşları! Bir də görürsən, ətli-əndamlı qadınlar düşüblər ortalığa, dəstə ilə oynayırlar! Adamdan soruşmazlar ki, evdən çıxıb, ekranlara oynamağa gəlmisən? Bədənlərinin görünməyən bir-iki yeri qalır! Kişilər onların əvəzinə utanırlar! Adamın yadına “Dəli Kür” filmindəki eybəcər səhnə düşür… Cahandar ağa bacısını həmin uyğunsuz yerdə gördüyü üçün suda boğur! Bəs, bu xalqın qarşısında min oyundan çıxanların sahibi yoxdur? Tamaşa deyil ki, rolda oynasınlar! Bu uşağın da, böyuyün də, ağsaqqalın, ağbirçəyin də baxdığı televiziyadır! Ayıbdır, axı!

Sənət, sənətkarlıq qalıb bir kənarda, görün, bunlar nə edirlər?

KVN-də boş yerə demirlər ki, “Görüm səni ömrün boyu AzTV-yə baxasan!” Bizim baş televiziya adlandırdığıımız AzTV-də görün, nələr baş verir? Hamımız görürük ki, ölkəmiz zəfərdən -zəfərə necə sürətlə addımlayır. Azərbaycanda cahanşümul işlər görülür. Bütün nailiyyətlərimiz olduğu kimi deyilsə, şərh olunsa, yaxşıdır. Lakin siyasət adamları, deputatlar, vəzifəli şəxslər sanki yarışa giriblər, böyük uğurlarımız haqqında elə gəlişi gözəl, üzğörənliklə, kimlərinsə xoşuna gəlmək üçün danışırlar, elə lazımsız ifadələr işlədirlər ki, reklam antireklama çevrilir!

Bilirsiniz, bu nəyə bənzəyir? Bir idarənin işçisi idarənin müdirinə deyir ki, səndən yaman incimişəm. İdarənin rəhbəri soruşur “niyə?” İşçi də nə desə yaxşıdır? “Özünüzə yaxşı baxmırsınız! Son zamanlar yaman arıqlamısınız!” Özünüz başa düşdünüz! İfadələrinizə, danışığınıza, məntiqinizə fikir verin, cənablar!

Görkəmli sənətkarlar qalıblar bir kənarda, sənəti, səsi olmayan, yalnız “toy tutmaq” istəyi ilə yaşayanlar ekranları zəbt ediblər! Bilirsiniz niyə? Bir dəfə özəl televiziyada işləyən bir tanışıma zəng vurub xahiş etdim ki, istedadlı, ən məşhur ansambllardan birinin üzvü olan musiqiçi filankəsə imkan versinlər, gəlib çıxış etsin. Bilirsiniz, nə dedi: “Bizdə bir çıxışın qiyməti 500-1000 manatadır! Amma sizə görə gəlsin, üç dəqiqəlik çıxış etsin….” Bundan sonra televiziyalardan nə gözləmək olar?

Bütün məsuliyyət televiziyaların rəhbərlərinin üzərinə düşür! Tapşırıqla, dostluqla televiziya idarə etmək cinayətdir! Televiziyaların rəhbərləri əsil mədəniyyət adamlarını tanımalı, çıxışlara dəvət olunanlar xalqın tanıdığı insanlar arasından seçilməli, əməkdaşların mənasız yerə efirləri doldurmalarına imkan verilməməlidir!

Gənclərin saqqal məsələsinə, geyimlərinə də fikir verilsə, yaxşı olar. Eləsi var keşiş kimi saqqal uzadır, adam iyrənir! Ayıb deyil, bunları görmürsünüz?

Bir aparıcı kiminsə “adamıdır” deyə, gündə 3-4 veriliş aparıb, işlədiyi kanalı özəlləşdirməlidir? Eyni müğənnilər, eyni aktyorlar bütün verilişlərdə görünməkdən yorulmurlar? Tamaşaçılar onlara baxmaqdan yorulurlar, axı!

Bir verilişə iki bir-birini tanıyan adam dəvət edirlər, o bunu tərifləyir, bu onu!

Vəzifəli şəxs danışır, onun danışdığı müddətdə başqa kanalları çevirib 5-6 verilişə baxıb, qayıdırsan, görürsən həmin vəzifəli şəxs hələ də danışır! Danışa bilsə, yenə dözmək olardı. Adam fikirləşir ki, görəsən, bu nə qədər pul ödəyib ki, efir vaxtını bu qədər məşğul edir? Adama deyərlər, özünə hörmət etmirsən, tamaşaçılara hörmət et!

Mən də oxuculara hörmət edərək, televiziyalardakı nöqsanların, çatışmazlıqların mində birini yazmayaraq, fikirlərimi burada bitirirəm… Səbir edib, oxuduğunuza görə təşəkkür edirəm!

Xeyrəddin QOCA
Yazıçı

P.S. Globalinfo.az redaksiyası hörmətli Xeyrəddin Qocanın yazıdakı fikirlərinə cavab vermək, opponentlik etmək istəyənlərin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.