Taksi qiymətləri bu biabırçılığa görə bahalaşıb – Sabiq nazir faktları açdı

Taksi qiymətlərinin kəskin bahalaşması ictimaiyyətdə narazılığa səbəb olub.

Ortaya bir neçə sual çıxır: Bu sahədə hökumətin siyasəti nə ilə nəticələnəcək? Bahalaşma taksi təsərrüfatında ideal vəziyyət yaradılacaqmı? Hazırkı qiymətlər hansı prinsiplə tənzimlənir?

Mövzunu Globalinfo.az – a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, taksi ilə sərnişin daşınması sahəsində son bir neçə ildə formalaşmış qiymətlər reallıqdan çox uzaq idi.

Onun sözlərinə görə, bunu Azərbaycanda hər kəs bilir:

“Qiymətlərin belə ucuz olması demək olar ki, həm müştərilər, həm də taksi xidməti göstərən şirkətlər üçün sərf edirdi. Məsələn, şəhər daxilində yaxın məsafəyə getmək üçün taksi sifariş edəndə bəzən gediş haqqı manatla deyil, qəpiklə ölçülürdü. Dünyanın heç bir yerinə belə qiymətlər yoxdur. Taksi xidməti göstərən şirkətlər işə götürdükləri sürücüləri amansızcasına istismar edirdilər. Taksi sürücüsü bir növbə ərzində 28-30 daşıma edir və bunun üçün bəzən 15-16 saat çalışırdı ki, bu da fiziki cəhətdən çox ağır idi. Belə sürücülər yorğunluq səbəbindən tez-tez qəzalar törədirdilər. İşə götürülən sürücülərin sağlamlığı, geyimi, sərnişinlə davranış mədəniyyəti isə şirkət sahiblərini qətiyyən maraqlandırmırdı”.


Fikrət Yusifov

Sabiq nazir deyib ki, bu biabırçılığa son qoyulmalı idi:

“Nəticədə bu addım atıldı. İndi taksi xidməti göstərən şirkətlərin qarşısında konkret tələblər qoyulub və bu tələblərə əməl etməyənlər xidmət göstərə bilməzlər. Qiymətlərə gəlincə, normal taksi xidməti olan yerdə daşımanın qiyməti də real olmalıdır. Biz yeni qiymətlərin baha olduğunu ona görə iddia edirik ki, öncəki qiymətlər real deyildi. Yəni indiki qiymətləri əvvəl mövcud olmuş ucuz və real olmayan qiymətlərlə müqayisə edib, bu qənaətə gəlirik”.

Zaira Akifqızı
Globalinfo.az