Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Prosesdə zərərçəkən Elvin Məmmədovun hüquqi varisi qismində ifadə verən Gülnaz Məmmədova qeyd edib ki, həyat yoldaşı zavodda baş verən partlayış nəticəsində həlak olub: “Yoldaşım 2015-ci ildən həmin zavodda Babək Nəzərov adlı şəxsin sexində kəsim aparatını işlədirdi. Hadisədən sonra bizə 5 min manat ödəniş olunub. İki övladım var, Elvin öləndən sonra ortalıqda qalmışıq. İddiam odur ki, bizi evlə təmin etsinlər”.
Hadisə nəticəsində həlak olanlardan biri Fərid Qubadovun həyat yoldaşı Elnarə Qubadova da ifadə verib. Deyib ki, həyat yoldaşı sözügedən obyektdə icarə əsasında yer götürüb. Bildirib ki, hadisədən sonra Tağı İbrahimovun qohumları ona da 5 min manat ödəniş edib.
Tağı İbrahimov isə bildirib ki, Fərid Qubadov zavodla yox, obyektdə fəaliyyət göstərən digər sexlə müqavilə bağlayıb və ora icarə haqqı ödəyib.
Zərərçəkən Fərrux Hüseynov isə hadisə nəticəsində ona maddi ziyanın dəydiyini bildirib: “Sözügedən zavodda mebel sexim var idi. Mən həmin yeri Toğrul Rzayevdən icarəyə götürmüşdüm. Sexdə 10 il işçi olmuşam. Sonra isə həmin sexi icarəyə götürüb özüm işlətmişəm. Qeyri-rəsmi işlədirdim, aramızda heç bir müqavilə imzalanmayıb. Hadisə nəticəsində kəsim aparatlarına, dəzgahlara ziyan dəyib. Ümumi 113 min manatlıq zərərim var”.
Proses oktyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, bu il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.