
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumata görə, təcili tibbi yardım briqadası 1998-ci il təvəllüdlü şəxsi sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya edib, hazırda pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
***13:03
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 540 kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb.
Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***12:33
Sumqayıtda tikilidə yanğın başlayıb.
Globalinfo.az bildirir ki, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən “Report”a fakt təsdiqlənib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.