Sülh müqaviləsinin imzalanmaması Bakını çox da narahat etmir – İlginc səbəb

“Hazırda sülh müqaviləsi bizdən daha çox Ermənistana lazımdır. Çünki sərhədlər müəyyənləşməyib. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin istənilən təxribatına cavab olaraq öz tarixi torpaqlarını azad edə bilər. İndi Ermənistan Baş naziri Nikol Paşinyan bu barədə düşünməlidir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Ermənistan ilə Azərbaycan arasında sülh prosesi və Ermənistan cəmiyyətinin prosesə reaksiyası haqda danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan sülhdən yanadır, lakin indiki situasiyada sülh müqaviləsinin imzalanmaması rəsmi Bakını o qədər də narahat etmir:

Kənan Novruzov

“Son zamanlar ABŞ, Avropa İttifaqı və Rusiya sülh müqaviləsi istiqamətində xüsusi fəallıq göstərirlər. Rəsmi Vaşinqton sülh müqaviləsi istiqamətində müəyyən nəticələrin əldə olunmasında nəinki maraqlı, həm də israrlıdır. Bəllidir ki, Ermənistanla Azərbaycan arasında ehtimal edilən sülh müqaviləsi ilə bağlı üç əsas platforma var: Vaşinqton, Brüssel və Moskva formatları. Son zamanlar ABŞ digər iki gücü qabaqlayıb və daha real vasitəçiyə çevrilib. Bunun bir neçə əsas səbəbi var. Birincisi, Rusiyanın vasitəçilik səyləri istədiyimiz sürətlə davam etmir. İkincisi, əslində Avropa İttifaqı (Aİ) ilk vaxtlar vasitəçilik səylərində səmimi görünürdü. Amma Fransa bu qurumunun sədri kimi çox vaxt olduğu kimi yenə də “suların durulmasına” mane olur. Parisin açıq-aydın ermənipərəst mövqeyi Aİ-nin vasitəçiliyində də hiss olunur. Üçüncüsü, ABŞ Rusiyaya nisbətən sülh müqaviləsində daha maraqlıdır. Ağ Evi düşündürən regiondakı iqtisadi maraqlarıdır. Bu maraqların reallaşması üçün isə bölgədə təhlükəsizliyin təmin olunması və nəqliyyat-kommunikasiya xətlərinin açılması vacibdir”. Ağ Ev sülh müqaviləsi istiqamətində müəyyən nəticələrin əldə olunması üçün tələsir. Rusiya isə bütün imkanları ilə buna mane olmağa çalışır. Fikrimcə, yaxın zamanda sülh istiqamətində daha ciddi addımlar atılacaq”.

Turan Rzayev
Globalinfo.az