Sözü imzası olan, imzası ilə tarix yazan lider – İki əsrə bərabər 20 il…  

“Azərbaycanı dinamik inkişaf və qələbə yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Bu, olduqca önəmli dövrə təsadüf edir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini, YAP Binəqədi rayonu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ərazi üzrə ilk partiya təşkilatının sədri Əvəz Qocayev deyib.

O bildirib ki, İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycanı tamamilə yeni mərhələyə çıxardı:

“Azərbaycan 20 illik dövrdə siyasi, iqtisadi, hərbi baxımdan çox irəli gedib. Biz müharibədə məğlub olmuş ölkədən qalib dövlətə çevrilmişik. Amma buna kimi çox ciddi fəaliyyət olub. Hər şey birdən-birə yaranmadı. 44 günlük Vətən müharibəsində qalib gəlmək üçün uzun illər sistemli siyasət aparıldı. Ulu Öndər Heydər Əliyevin 10 illik prezidentliyi dövründə Qarabağın işğaldan azad edilməsi üçün çox səylər göstərildi. “Əsrin müqaviləsi” kimi mühüm bir layihə işlənib hazırlandı. Neft kontraktları imzalandı. Bu layihə təkcə iqtisadi məsələləri əhatə etmirdi. Həm də siyasi hədəflərimizi, gələcəyimizi  müəyyən edirdi. Azərbaycanın Qərbə inteqrasiyası üçün düşünülmüş olduqca vacib bir plan idi. Neft kontraktlarının imzalanmasında və bu strategiyanın həyata keçirilməsində cənab İlham Əliyevin o dövrdəki fəaliyyəti çox mühüm idi. Xarici şirkətlərlə uzun sürən danışıqlar sonda müsbət nəticəsini verdi. Deməyim odur ki, 30 illik böyük bir zəhmətin nəticəsində bu günkü Azərbaycan quruldu”.

Əvəz Qocayev

Sədr müavini deyib ki, son 20 ildə Azərbaycan sürətlə inkişaf etdi, həm də bu dövr kifayət qədər ağır keçdi:

“Qarabağ məsələsində bizim üçün ən çətin məsələ nə idi, bilirsiniz? Bütün dünya gücləri Ermənistanın tərəfini tuturdu. Bunu erməniləri haqlı bildikləri, ya da məsələdən xəbərsiz olduqları üçün etmirdilər. Onlar kimin haqlı, kimin haqsız olduğunu gözəl bilirdilər. Sadəcə Azərbaycanın başının bu münaqişə ilə qatılmasını istəyirdilər. Bilirdilər ki, Qarabağ məsələsinin həlli ölkəmizi qüdrətli edəcək. Cənubi Qafqazda sülhün olmasını istəməyən qüvvələr bunun üçün Azərbaycana əngəl yaradırdılar. BMT-nin qəbul etdiyi qətnamələr, beynəlxalq hüquqla da Qarabağın bizim ərazimiz olduğu gerçəyi heç nəyi dəyişdirmirdi. Onlar açıq şəkildə deyirdilər ki, bu münaqişə hərb yolu ilə həll edilə bilməz. Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı torpaqlarının işğalı ilə barışmayacaq və sona kimi öz haqqı uğrunda savaşacaq”.

Müsahibimizin sözlərinə görə, İlham Əliyevin 20 il öncə çıxdığı yol sonda Zəfərlə yekunlaşdı:

“Cənab Prezident dünyaya isbat etdi ki, o, yalnız siyasətçi, dövlət başçısı, diplomat kimi böyük uğur qazanmayıb, həm də Ali Baş Komandan olaraq dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı. Onun sərkərdəlik qabiliyyəti Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Bu, uzun yol tələb edirdi. Riskli və ağır missiya idi. Çox şükürlər olsun ki, Ali Baş Komandan xalqına, ordusuna güvənib, eləcə də Allaha sığınıb bu şərəfli missiyanı zəfərlə, qələbə ilə yekunlaşdırdı. Azərbaycanın 200 ildən artıq tarixində misli görünməmiş bir əmələ imza atdı. Məğlubiyyətlərlə, faciələrlə zəngin olan tariximiz dəyişdi. İndi az qalsın hər aya bir möhtəşəm zəfər təqvimi düşür”.

Ə.Qocayev bildirib ki, 19-20 sentyabrda keçirilən antiterror tədbirləri Zəfərimizin kuliminasiyası oldu:

“Bununla da Qarabağda separatizmin kökü kəsildi. Əli Azərbaycan xalqının qanına bulaşmış cinayətkarlar – Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digərləri həbs edilərək Azərbaycana gətirildi. Bundan əvvəl isə Vaqif Xaçatryan Laçın sərhəd keçid məhkəməsində saxlanılmışdı. Məhkəmədə göz yaşı tökürdü. Bu, bütün separatçılara, müharibə canilərinə dərs olmalıdır. Hamısı Azərbaycanın qüdrəti və haqlı mövqeyi qarşısında bu cür hala düşəcəklər”.

Əvəz Qocayev bir mühüm məsələyə də diqqət çəkib:

“Fikir verin, hazırda Rusiya-Ukrayna müharibəsi gedir. HƏMAS-İsrail müharibəsi isə yeni başlayıb. İki qitədə qan su yerinə axır. Bunların fonunda Cənubi Qafqaz son 200 ildə özünün ən rahat, sakit dövrünü yaşayır. Cənab İlham Əliyevin 20 illik siyasətinin bəhrəsi təkcə ölkəsinin işğaldakı torpaqlarını azad etmək olmadı, həm də bölgə xalqlarını sülhə, əmin-amanlığa, təhlükəsiz həyata qovuşdurdu. İnanıram ki, çox keçmədən Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanacaq. Bununla da dünyanın ən yaşlı, üzücü  münaqişəsindən biri tamamilə tarixə çevriləcək”.

Əvəz Qocayev işğaldan azad edilən ərazilərdə yol-nəqliyyat infrastrukturunun qurulmasından da bəhs edib:

“44 günlük müharibədən sonra azad edilən ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılır. Yollar çəkilir, tunellər tikilir, körpülər salınır. Bunlar həm də Azərbaycanın gələcəyinə gedən yollatdır. Cənab Prezident Qarabağda və Şərqi Zəngəzurda təməlini qoyduğu bütün yollar, digər layihələr bizi gələcəyə daşıyacaq. Artıq Zəngəzur dəhlizi ilə bağlı xeyli işlər görülüb. Avtomobil və dəmir yolu çəkilişi sürətlə gedir. Cənab İlham Əliyevin 20 illik prezidentli müddəti 200 illik tarixi dövrə yekun vurmaqdadır. Azərbaycan cənab Prezidentin sayəsində özünün ən şərəfli və möhtəşəm tarixini yaşayır. Ərazi bütövlüyümüz uğrunda canından keçən oğullarımıza – Şəhidlərimizə Allah rəhmət eləsin. Cənab Prezidentin sözləri ilə desək, onların qanı-canı bahasına bu gün Azərbaycan özünün dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. İnanırıq ki, bu, əbədi və dönməz olacaqdır”.

Əvəz Qocayev sonda qeyd edib: “Cənab Prezident deyir ki, mənim sözüm imzamdır. Bəli, həqiqətən də onun sözü imzasıdır. Dünya bu gerçəyi gördü, qəbul etdi. İlham Əliyev imzası ilə də tarixə möhür vuran bir liderdir. Allah xalqımızı və Cənab Prezidentimizi qorusun”.