Xaricdə yaşayan bəzi azərbaycanlı müxalif fəalların sosial şəbəkələrdə hakimiyyətə qarşı sərt çıxışları yenidən müzakirə mövzusuna çevrilib.
Azərbaycana Avropadan yağdırılan “atəş” – “söyüş müxalifəti” niyə əsasən Qərb ölkələrində məskunlaşıb?
Globalinfo.az-a danışan deputat Aydın Mirzəzadə deyib ki, Qərbdə müəyyən bir anti-Azərbaycan mərkəzlər var:
“Ulu öndər Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasəti gücləndikcə, Azərbaycana qarşı çıxan qüvvələrin münasibəti daha da sərtləşir. Bu qüvvələrin bir hissəsi erməni diaspor dairələri ilə əlaqəlidir. Digər hissəsi isə Azərbaycanın müstəqil siyasət yürütməsini, öz milli sərvətlərinə sahib çıxmasını qəbul edə bilmir. Qarşıdurmaçı müxalifət də onların əlində istifadə olunan vasitələrdən birinə çevrilib. Həmin şəxslər də yaxşı bilirlər ki, onlardan müəyyən məqsədlər üçün istifadə olunur. Maraqlıdır ki, hər biri fərqli üsullarla fəaliyyət göstərməyə çalışır. Bəziləri sözün həqiqi mənasında küçə ritorikası səviyyəsində çıxış edir, bəziləri özünü intellektual kimi təqdim etməyə çalışır, digərləri isə guya analitik mövqe nümayiş etdirir. Ancaq onların hamısını birləşdirən ümumi cəhət Azərbaycana qarşı aqressiv münasibətdir”.
Deputat bildirib ki, müxalif fəalları ölkəmizin real problemlərinin həlli maraqlandırmır:
“Azərbaycan 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad edib, yüz minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışı təmin olunur, ölkəmiz beynəlxalq aləmdə nüfuzunu artırır. Lakin bu uğurlar onların diqqət mərkəzində deyil. Əksinə, onlar Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışır, guya ölkədə sistemli hüquq pozuntuları və ya digər ciddi problemlər olduğu təsəvvürü yaratmağa cəhd edirlər. Şübhəsiz ki, ayrı-ayrı hüquq pozuntuları baş verə bilər. Lakin bu, dövlət siyasəti deyil və dövlət belə hallara qarşı hüquq çərçivəsində mübarizə aparır. Bu kontekstdə “söyüş müxalifəti” kimi təqdim olunan qruplar heç bir çətinlik çəkmədən vətənə xəyanət ittihamlarını üzərlərinə götürəcək davranışlar nümayiş etdirirlər. Prezidentin köməkçisi Hikmət Hacıyevin və xarici işlər naziri Ceyhun Bayramovun səsləndirdiyi arqumentli cavabların təsirini azaltmağa çalışmaları da bunun nümunəsidir”.
Aydın Mirzəzadə
Millət vəkili qeyd edib ki, eyni hal vaxtilə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliyi ilə bağlı baş verən bir hadisədən sonra da müşahidə olunub:
“Həmin hadisəyə verilən sərt cavabların təsirini azaltmaq üçün uzun müddət müxtəlif cəhdlər göstərildi. Azərbaycan cəmiyyətində isə haqlı olaraq belə suallar səslənir: Xaricdə yaşayan və daim Azərbaycana qarşı çıxış edən şəxslər hansı maliyyə mənbələri hesabına yaşayırlar? Kirayə haqlarını, studiyalarını və fəaliyyətlərini hansı vəsaitlə maliyyələşdirirlər? Əgər daimi məşğulluqları yoxdursa, bu maliyyənin mənbəyi barədə sualların yaranması təbiidir. Bütün hallarda onların gözlədiyi nəticə baş verməyib və gələcəkdə də baş verməyəcək. Bu gün Azərbaycan vətəndaşı ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, iqtisadi inkişaf yolunda irəliləyən, dövlət institutları möhkəmlənən bir ölkədə yaşamaqdan qürur duyur. İnsanlar öz dövlətini, dövlətçilik ənənələrini və ölkənin inkişaf kursunu dəstəkləyirlər. Məhz buna görə də Azərbaycan cəmiyyəti xaricdən yönləndirilən radikal çağırışların arxasınca getməyəcək. Belə çağırışların ölkəni qarşıdurmaya, daxili sabitliyin pozulmasına, vətəndaş qarşıdurmasına və dövlət müstəqilliyinin zəifləməsinə aparacağını insanlar yaxşı anlayırlar. İki əsrlik fasilədən sonra müstəqilliyini bərpa edən və bu gün suverenliyini möhkəmləndirən Azərbaycanın vətəndaşları bu yolu qorumağın vacibliyini dərk edirlər. Onlar ölkənin gələcəyini xaricdən diktə olunan ssenarilərlə dəyişmək niyyətində deyillər”.
Ləman İmran
Globalinfo.az