
Separatçıların məhkəməsində təqsirləndirilən şəxslər Xocalı soyqırımının əsas müəlliflərinin adlarını çəkiblər. Keçmiş qondarma rejimin “prezidenti” olmuş Arkadi Qukasyan soyqırımı zamanı bütün separatçılara Artur Mkrtçyanın, hərbçilərə isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyanın rəhbərlik etdiyini bildirib. Qukasyan əlavə edib ki, həmin vaxt yeni formalaşan “özünümüdafiə qüvvələri”nin başında Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan olub.
Sərkisyan hələ müdafiə naziri olduğu 2000-ci ildə tanınmış britaniyalı jurnalist, hazırda Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun yüksəkrütbəli əməkdaşı Tomas de Vaala müsahibəsində Xocalıda törədilən müharibə cinayətləri haqda etiraflar etmişdi.
Qukasyanın ifadələri fonunda Sərkisyanın etirafı yenidən gündəmə gətirilə bilərmi? Ermənistan rəhbərliyinin keçmiş prezidenti dindirilməsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verməsi mümkündürmü?
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, Azərbaycanda keçirilən məhkəmədə separatçı rejimin rəhbərlərinin verdikləri ifadələr, əsasən də, qondarma “artsax”ın “lideri” Arkadi Qukasyanın etirafları Xocalı soyqırımı ilə bağlı mühüm detalların üzə çıxmasına səbəb olub:
“Qukasyan hadisə zamanı siyasi və hərbi rəhbərliyin kimlərdə olduğunu göstərərək konkret adlar da çəkib. Bu ifadələr ilk baxışda sadə məhkəmə prosedurunun tərkib hissəsi kimi görünə bilər. Lakin əslində bu cür konkret adların çəkilməsi, xüsusilə də Serj Sərkisyan kimi Ermənistanda hələ də nüfuzu olan şəxsin adının birbaşa məsuliyyət daşıyanlar sırasında qeyd edilməsi, hüquqi və siyasi baxımdan mühüm nəticələrə yol aça bilər.
Əslində, Azərbaycan Respublikası Baş Prokurorluğu Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə bağlı illər əvvəl müvafiq proses başlatmış, bu iş çərçivəsində bir sıra şəxslər, o cümlədən separatçı rejimin rəhbərləri və Ermənistanın o dövrkü hərbi-siyasi rəhbərliyində təmsil olunanlar təqsirləndirilən şəxs qismində tanınıb axtarışa verilmişdilər. Məsələn, Xocalı soyqırımı ilə bağlı cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 1992-ci ildən başlayaraq istintaq aparılır. Bu iş soyqırım, müharibə cinayətləri, mülki əhalinin kütləvi qırılması, bir xalqın milli mənsubiyyətinə görə qətlə yetirilməsi kimi ittihamlarla açılıb. 2014-cü ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu bu iş üzrə bəzi detallar açıqlamışdı. Həmin açıqlamalarda Serj Sərkisyanın, Seyran Ohanyanın, Robert Köçəryan, Arkadi Ter-Tadevosyanın və digərlərinin Xocalı hadisələri zamanı birbaşa məsuliyyət daşıyan şəxslərdən biri kimi cinayət işində iştirakçı olduqları qeyd edilmişdi. Hətta, bu şəxslərin bəziləri barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmiş və “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdilər”.
Vəli Əlibəyov
Politoloqun sözlərinə görə, Ermənistan və bəzi digər ölkələr bu axtarışlara müxtəlif hüquqi və siyasi səbəblərlə reaksiya verməmişdilər:
“Çünki, o zaman Azərbaycan həmin şəxsləri əsasən öz araşdırmaları əsasında ittiham edirdi. O səbəbdən də, beynəlxalq ictimaiyyət məsələyə hüquqi prizmadan deyil, daha çox siyasi prizmadan baxırdı. İndi isə birbaşa silahdaşı və rəhbər heyətində təmsil olunmuş şəxslər onların adını çəkərək konkret rollarını etiraf edirlər. Bu isə həm istintaqın hüquqi gücünü artırır, həm də beynəlxalq ictimaiyyətin diqqətini məsələyə yenidən yönəltmək üçün imkan yaradır. Artıq mövzuya təkcə siyasi yox, hüquqi kateqoriyadan da baxmaq mümkündür. Sözügedən etiraflar, əlbəttə ki, yeni vəziyyət yaradır. Bundan sonra yəqin ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu mövcud cinayət işlərini yenidən aktuallaşdıracaq, adıçəkilən məhkəmə ifadələrini işə əlavə edəcək və yenilənmiş məlumatlarla yenidən beynəlxalq hüquq-mühafizə orqanlarına (Interpol, Europol və s.) müraciət edəcək. Çünki əsas hüquqi baza artıq mövcuddur. Yeni ifadələr bu bazanı gücləndirmək və məsələnin beynəlxalq miqyasda daha yüksək səviyyəyə çıxarılması üçün gözəl fürsətdir”.
V.Əlibəyov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Sərkisyanı böyük məmnuniyyətlə Azərbaycana təhvil verərdi:
“O, tək Sərkisyanı yox, eləcə də, Köçəryanı və bu gün Ermənistanda vəziyyəti gərginləşdirməyə çalışan başqa şəxsləri də həvəslə Azərbaycana verərdi. Lakin, qanunvericilik və beynəlxalq hüquq çərçivəsində bu məsələ kifayət qədər qəliz görünür. Çünki Ermənistanla Azərbaycan arasında ekstradisiya haqqında razılaşma yoxdur və Ermənistan konstitusiyası öz vətəndaşlarının xarici ölkəyə təhvil verilməsini nəzərdə tutmur. Lakin Azərbaycan hüquqi təşəbbüsləri davam etdirməlidir. O cümlədən, BMT, AİHM və ya Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) müraciət etmək üçün hüquqi əsas kimi bu ifadələri sənədləşdirilə bilər. Əgər bu proses davamlı və sistemli şəkildə aparılarsa, uzunmüddətli perspektivdə beynəlxalq təzyiqlər nəticəsində bu şəxslərin sorğu-sual edilməsi mümkün olar”.
Turan Rzayev
Globalinfo.az