Şəhid Orxan haqqında narahatlıq doğuran cümlə – VİDEO

12:35

Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun nəşini Vətənə gətirmək, nəhayət ki, mümkün oldu.

Son olaylarla bağlı çox söz deyildi, yazıldı, ancaq biri daha təsirli və narahatlıq doğuran idi: “Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq”.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun dediyi bu cümlə bir anın içində bütün travmalarımızı yadıma saldı.

Daha sonra sosial şəbəkədə bu cümlə qarşıma çıxdı: “Orxan Əsgərov Azərbaycanın İranda verdiyi ilk şəhiddir”.

Sövq-təbii pıçıldadım: “İnşallah, sonuncu olar.”

Elə bu məqamda Azərbaycan Ordusunun Qarabağ münaqişəsində verdiyi ilk şəhidi xatırladım. Nə vaxtsa, haradasa saralmış qəzet səhifəsində oxuduğum “Firdovsi Məmmədov – Ordumuzun ilk şəhidi. Sonuncu olsun” cümləsi yadıma düşdü.

Sonuncu olmadı…

Firdovsidən sonra bu xalq 20 min şəhid verdi, 20 faiz ərazisini itirdi, ağlasığmaz dəhşətlər yaşadı, amma yekunda yenə şəhidlərinin qanı bahasına tarixi qələbə qazandı.

İndi dünyada, regionda proseslərin gərginləşdiyi bir vaxtda bir soyuq “görəsən” nigaranlığı insanı narahat edir:

“Firdovsi Məmmədov Qarabağ münaqişəsinin qonuncu şəhidi olmadı. Görəsən, Orxan Əsgərov İranda verdiyimiz sonuncu şəhid olacaqmı?”

İstəyimiz və arzumuz bu yöndədir.

Aqşin Evrən
Globalinfo.az