Səfirliklərin təhlükəsizliyi ilə bağlı bu addım atıldı – XİN xüsusi təlimat göndərdi

Tehrandakı səfirliyimizəki teraktdan sonra ictimaiyyət narahatdır ki, başqa ölkələrdəki diplomatik nümayəndəliklərimizdə də terror törədilə bilər.

Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Qüdrət Həsənquliyev də səfirliklərimizin təhlükəsizlik məsələsinə yenidən baxılmalı olduğunu deyib. Nəzərə alsaq ki, erməni diasporu Amerikada, Britaniyada, Avropa ölkələrində, hətta Rusiyada kifayət qədər güclüdür. Hər an diplomatik nümayəndəliklərimizə hücumlar ola bilər.

Ümumiyyətlə, dövlətimiz bununla bağlı hansı tədbirləri görüb?

Məsələ ilə bağlı Globalinfo.az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, səfirliklərin təhlükəsizliyinin təmin olunması dövlətimizin prioritetidir və bu istiqamətdə daim aidiyyəti tədbirlər görülür, təhlükəsizlik qaydaları da mövcuddur:

“Bu, daim təmin edilir. Son hadisələr kontekstində, missiyalarımıza əlavə təlimatlar da göndərilib ki, tədbirlər daha da gücləndirilsin. Eyni zamanda, yerləşmə ölkələrində müvafiq qurumlarla mütəmadi iş aparılır. Səfirliklərin təhlükəsizliyinin təmin edilməsi həmçinin qəbul edən ölkənin öhdəliyidir”.

Mətin Məmmədli

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli isə bildirib ki, Beynəlxalq Konvensiyaya görə, hər bir ölkə öz ərazisində səfirliyin fəaliyyətinə görə hüquqi məsuliyyət daşıyır:

“Bu, 1961-ci il diplomatik münasibətlərə dair Vyana Konvensiyasın 22-ci bəndinin tələbləridir ki, hər bir dövlət bu qaydaya riayət etməlidir. Amma bununla paralel olaraq, təbii ki, səfir təyin edən dövlət öz diplomatik nümayəndəliyinin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik əməkdaşlarını digər ölkəyə göndərə bilər.

Bir çox ölkələr təhlükəsizliyini paralel şəkildə, göndərilən ölkə ilə həyata keçirir. Azərbaycan da istəsə, təhlükəsizliyi təmin etmək baxımından bunu tətbiq edə bilər. Elə ölkələr var ki, orada bizim üçün heç bir təhlükə yoxdur, amma İran kimi ölkələrdə mütləq təhlükəsizlik qorunmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az