“Son onilliklər ərzində Rusiyanın formalaşdırdığı beynəlxalq əlaqələr sürətlə zəifləyir və faktiki olaraq dağılır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satаnovski Rusiyanın “Svobodnaya Pressa”ya verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, Moskvanın bir sıra strateji regionlarda mövqeləri artıq real təsir gücünə malik deyil:
“Hazırda bizim Venesuela ilə əlaqəmiz nə vəziyyətdədir? Suriyadakı mövqelərimiz necədir? Heç biri normal vəziyyətdə deyil. Rusiyada qadağan olunmuş təşkilatın keçmiş lideri Moskvaya uçub Vladimir Vladimiroviçlə danışır. Söhbət Suriyanın müvəqqəti rəhbəri Əhməd əş-Şaraadan gedir”, – Satanovski bildirib.
Ekspert Rusiyanın Əfqanıstandakı siyasətini də sərt tənqid edib. Onun fikrincə, “Taliban” rejiminin tanınması və təşkilatın terror siyahısından çıxarılması bu hərəkatın mahiyyətini dəyişmir:
“Biz nədənsə bu rejimi tanıdıq və taliblərin terrorçu statusunu ləğv etdik. Amma bu, onların terrorçu olmadığını göstərmir. Məsələn, onlar indi Əfqanıstanda faktiki olaraq quldarlığı tətbiq ediblər. Qadınlara qarşı qanunları isə ümumiyyətlə dəhşətdir”.
Ekspert vurğulayıb ki, Rusiya öz mövqelərini qoruyub saxlamaq imkanında deyil və bu reallıq tez-tez gözardı olunur:
“Biz əlaqələrimiz və mövqelərimiz barədə danışarkən özümüzü aldadırıq. Çünki onları saxlamaq gücündə deyilik. Hətta Orta Asiya və Cənubi Qafqazda belə mövqelərimizi itirmişik. Qazaxıstandakı mövqelərimiz isə sadəcə virtual reallıqdır”.
Yaxın Şərq İnstitutunun prezidenti hesab edir ki, Rusiyanın əsrlər boyu formalaşdırdığı geosiyasi təsir faktiki olaraq məhv edilib:
“350 il ərzində Rusiya öz mövqelərini qurub, indi isə bu tarix sanki zibilə atılıb. Bu vəziyyətdə Tehrana görə narahat olmağımızın nə mənası var?”, – deyə Satаnovski fikrini yekunlaşdırıb.
Əliyar Xəlil