2024-lə bağlı qorxunc proqnoz – Müharibələr şiddətlənəcək

Dünya siyasətinin 2023-cü ildə əsas müzakirə mövzusu Rusiya-Ukrayna və İsrail-HƏMAS müharibələri oldu. Hər iki savaşın uzanması fərqli versiyaları aktuallaşdırır.

Maraqlıdır, sözügedən müharibələr Rusiya və HƏMAS-ın qələbəsi ilə başa çata bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Rusiya Ukrayna müharibəsinin yaxın perspektivdə bitməsi ehtimalı azdır:

“Ümumiyyətlə, proses dalana dirənib. Ukrayna Rusiyanın işğal etdiyi əraziləri tanımır. Kreml də həmin əraziləri geri vermək fikrində deyil. Belə olan təqdirdə tərəflərin uzlaşmaması, habelə sülhə yaxın durmaması prosesin 5 ilə qədər uzanacağından xəbər verir.

Müharibənin uzanması Ukraynanın daha çox itkilərə məruz qalacağını göstərir. Çünki Qərbin Ukraynaya ayırdığı yardımlar barədə fikir ayrılıqları böyüyür. Bir çox Avropa ölkəsi Ukraynaya nəticəsiz yardımların edilməsini istəmir. Kiyevdən konkret nəticələr gözlənilir.

Tural İsmayılov

İsrail-HƏMAS qarşıdurması da kifayət qədər uzun çəkə bilər. Təl-Əviv Qəzzaya bütün gücü ilə müdaxilə edə bilmir, çünki etnik təmizləmə kimi qiymətləndirilə bilər. Onsuz da son proseslər fonunda İsrailə qarşı təzyiqlər artıb. Köklü həllin olmaması, danışıqların başlamaması sülhə inamı azaldır. Hər iki müharibənin aktual olaraq qalması isə 2024-cü ildə də dünya siyasi gündəminin gərgin və riskli olacağını deməyə əsas verir”.

Turan Rzayev
Globalinfo.az