Rusiya Xocalıdan Azərbaycana mesaj verdi: Bayraq təxribatının arxasında dayanan amil

Rusiya sülhməramlılarının dəstəyi ilə separatçıların Qarabağa silah-sursat daşıması ilə bağlı məlumatlar gəlməkdə davam edir. Hətta separatçıların bölgədə hərbi hissə yaratdıqları da deyilir. Martın 15-də sülhməramlı kontingentin Şuşa yaxınlığında Turşsu yaxınlığında SSRİ bayrağı qaldırlması isə onların bölgədəki fəaliyyətilə bağlı müzakirələri gücləndirdi.

Bəs sülhməramlıların bu addımları nəyə hesablanıb? Son baş verənlər Qarabağda proseslərin gedişatına necə təsir göstərəcək?

Sülhməramlıların bölgədəki vəziyyətini və fəaliyyətini Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Qarabağdakı separatçı rejim Ermənistandan deyil, Rusiyadan asılıdır:

“Qarabağda separatizmi yaradan da, onu idarə edən də məhz Rusiyadır. 2020-ci ildən sonra bu nəzarət faktiki olaraq həyata keçirilir. Qarabağdakı separatçılar artıq Ermənistan hakimiyyətindən deyil, birbaşa Rusiyadan asılıdırlar, hətta arada gediş-gəliş də mövcuddur. Yəni bütün bunlar Rusiyanın təxribatçı siyasətidir.

Rusiya sülhməramlılarının Qarabağa gedən silahla dolu nəqliyyat vasitələrini müşayiət etməsində məqsəd odur ki, biz onları neytrallaşdırmayaq. Hazırda bizim başlıca məqsədimiz Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, bütün yolların nəzarətə götürülməsidir ki, buna nail olacağıq. Əgər bunu edə bilməsək, sülhməramlıların müşayiəti ilə bölgəyə silah, sursatın daşınması davam etdiriləcək”.

Politoloq qeyd edib ki, Rusiyanın bu kimi addımları müəyyən məqsədə hesablanıb və bölgəni tərk etməyəcəyi ilə bağlı mesaj verir:

“Xocalıda SSRİ bayrağının dalğalandırılması, rus sərkərdələrinin abidələrinin ucaldılması kimi addımlar tamamilə təxribat məqsədilə atılır. Avropa ilə müharibə aparan rus sərkərdəsinin Azərbaycana, Xocalıya nə aidiyyatı var? Bununla bizə demək istəyirlər ki, rus hərbi kontingenti Qarabağı tərk etməyəcək. Amma 2 il sonra bizim əsas vəzifələrimizdən biri də 2020-ci ildə imzalanan 10 noyabr Bəyanatına uyğun olaraq rus hərbi kontingentini bölgədən yola salmaq olacaq.

Qarabağda antiterror əməliyyatlarının keçirilməsi ehtimalı da hazırda aktualdır. Ümumilikdə bizim iki hədəfimiz olmalıdır. Bunlardan ilki Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması və digər alternativ yolların nəzarətə götürülməsi, ikincisi isə erməni separatçıların tərki-silah olunması məqsədilə antiterror əməliyyatlarının keçirilməsidir”.

Ayşən Mustafa
Globalinfo.az