Rusiya Ukraynadan sonra bu 4 ölkəni işğal edə bilər – Təşviş başladı

Son günlər Rusiya-Ukrayna müharibəsi fonunda verilən açıqlamalarda Qərb üçün bədbin proqnozlar nəzərə çarpır. Xüsusən Rusiyanın Odessa şəhərini ələ keçirəcəyi və Qərbə doğru yönələcəyi, bunun isə NATO ilə müharibəyə səbəb olacağı haqda fikirlər səsləndirilir. Bir qədər əvvəl isə Almaniya Kansleri Olaf Şolts NATO və Rusiya arasında müharibənin olmaması üçün hər şeyi edəcəyini bildirib.

Maraqlıdır, Rusiya-NATO müharibəsi nə qədər realdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-da NATO ölkələrinin rəhbərləri ilə görüşündə Alyansın hərbçilərinin Ukraynaya kömək edəcəyini bildirmişdi:

“Bundan sonra Şolts həmin fikirlərin əleyhinə açıqlama verərək, hərbçilərin göndərilməsini qəbuledilməz adlandırdı. Lakin bu gün Avropa ölkələri içərisində Ukraynaya ən çox yardım edən məhz Almaniyadır. Rəsmi Berlin NATO ölkələri arasında iqtisadi cəhətdən ən çox inkişaf etmiş dövlətdir. Almaniya 1941-45-ci illəri yaşamaq istəmir. Ona görə də ölkəni müharibəyə sürükləməkdə maraqlı deyil. Şolts çıxışlarında dəfələrlə silah, sursat, maliyyə yardımının edilməsi ilə bağlı fikirlər səsləndirib.

Fransa və Pribaltika ölkələri (Latviya, Litva, Estoniya – red.) öz əsgərlərini Ukraynaya göndərməyə hazırlaşır. Bununla yanaşı Polşa da prosesə müsbət yanaşır. Baltikyanı ölkələrin rəhbərləri düşünür ki, Ukrayna ilə müharibədə Rusiya qalib gələrsə, ilk həmləni Polşaya edəcək və Pribaltikanı işğal edəcək”.

Politoloqun fikrincə, Rusiya NATO ilə müharibə aparır:

“Alyans bütün silah-sursatı ilə Ukraynaya dəstək verir. Əsgərlərin təlimi, texnikalardan istifadə qaydalarını öyrədirlər. Lakin NATO-nun Kiyevə birbaşa əsgər göndərməsi real deyil. Bu gün Ukraynada Avropa ölkələri, ABŞ, Gürcüstan və Afrikadan olan könüllü qruplar var. Onlar da döyüşürlər”.

Safura Bənnayeva
Globalinfo.az