i 1 2

Rusiya BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi toplantısını çağırıb. Görüş 4 iyun tarixində Nyu-York vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00-da) keçiriləcək və əsas mövzu Ukrayna böhranının ideoloji səbəbləri olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi rəsmi teleqram kanalında məlumat yayıb.

“4 iyun tarixində Rusiya tərəfindən çağırılan Təhlükəsizlik Şurasının üzvlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Görüş “Ukrayna böhranının ideoloji ilkin səbəblərinin dərk edilməsi və aradan qaldırılması” mövzusuna həsr olunub”, – məlumatda bildirilir.

Qeyd edək ki, bu cür toplantılar “Arria formatı” çərçivəsində keçirilir və üzv dövlətlərə aktual məsələləri daha açıq şəkildə, digər ölkələrin nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə müzakirə etməyə imkan yaradır. Bu format 1992-ci ildə Venesuela diplomatı Dieqo Arria tərəfindən tətbiq edilib və adını da onun şərəfinə alıb.

Görüşdə BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinin iştirak edəcəyi gözlənilir. Rusiya tərəfi bu müzakirələr vasitəsilə Ukrayna münaqişəsinin daha dərindən anlaşılmasını və onun ideoloji köklərinin analizini gündəmə gətirməyi planlaşdırır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: