Rusiya Qarabağ ssenarisini işə saldı – Qərbə üstüörtülü təklif

Rus torpaqlarından (Ukrayna ərazisini nəzərdə tutur – red.) bütün xariciləri kənara atıb, burada orta və yaxın mənzilli silahların istifadəsinə imkan verməyəcək sanitar zona yaradılmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Ərazilərimizin müdafiəsi üçün qarşıya qoyulan bütün hədəflərə çatmaq lazımdır. Orada yerləşən bütün xariciləri kənara tullayıb, 70-100 kilometr məsafədə hansısa silah istifadəsinə imkan verməyəcək sanitar zona (və ya bufer zona – red.) yaradılmalıdır. Bu ərazilər həmçinin demilitarizasiya edilməlidir. Əgər bu da kifayət etməsə, o zaman artıq başqa qərar qəbul ediləcək”, – o bildirib.

Qeyd edək ki, Medvedev “sanitar zona” desə də, bu ərazilərin haradan keçəcəyini və ya bunun Ukraynanın daxilində haraya qədər olacağını açıqlamayıb. Digər tərəfdən isə bu açıqlama həm də Moskvanın artıq Ukraynada savaşı dayandırmağa hazır olması anlamına gələ bilər. Bu isə öz növbəsində Ukraynanın bölünməsi planının Qərbə təklif edildiyinin işarəsi sayılır.

Xatırladaq ki, ermənilər də Qarabağı işğal etdikdən sonra ətraf rayonları işğal edərək bufer zona yaratmışdı.

İlkin Həsənov
Globalinfo.az