
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyada dron istehsalı sahəsində Çin vətəndaşları çalışır.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.
O, Moskvanın Çin dron texnologiyasını oğurlamış ola biləcəyini də istisna etməyib. Zelenskinin bu bəyanatı bir neçə gün əvvəl verdiyi – Çinin Rusiyaya silah və barıt verdiyi ilə bağlı açıqlamasının davamı kimi qiymətləndirilir. Bu, onun Pekini ilk dəfə olaraq Moskvaya birbaşa hərbi yardımda ittiham etməsidir.
Daha əvvəl Zelenski demişdi ki, Rusiya sosial şəbəkələr vasitəsilə Çin vətəndaşlarını silahlı qüvvələrə cəlb edir və Pekin rəsmiləri bundan xəbərdardır. O, Ukraynanın bu şəxslərin Çin hökumətindən göstəriş alıb-almadığını araşdırdığını qeyd edib.
Çin sülh çağırışlarını dəstəklədiyini bildirərək “məsuliyyətsiz bəyanatlardan” çəkinməyə çağırıb. Bu, Zelenskinin Çin vətəndaşlarının Rusiya tərəfində döyüşdüyü ilə bağlı açıqlamasına dolayı reaksiya kimi qiymətləndirilir.
Ukrayna Prezidenti əlavə edib ki, Çin hökumətinə bu barədə rəsmi kanallar vasitəsilə məlumat göndərilməsi üçün göstəriş verib:
“Xüsusi olaraq, Çin vətəndaşlarının Rusiyadakı dron zavodunda çalışması ilə bağlı daha ətraflı məlumatların Çin tərəfinə ötürülməsi üçün
Ukrayna Təhlükəsizlik Xidmətinə tapşırıq verdim. Biz hesab edirik ki, ola bilər Rusiya bu texnologiyanı ya oğurlayıb, ya da Çin rəhbərliyi ilə razılaşdırmadan həmin vətəndaşlarla ayrıca razılığa gəlib”, – Zelenski əlavə edib.
Rusiya və Çin tərəfindən hələlik məsələyə münasibət bildirilməyib.
Qeyd edək ki, Rusiya və Çin Ukraynada müharibə başlamazdan bir neçə gün əvvəl “sərhədsiz strateji tərəfdaşlıq” elan etmişdilər.
Aysel Əliyeva
Globalinfo.az