“Qubad İbadoğlu özü fəaldır, partiyası fəaliyyətsiz” – Deputatlar ADR-in buraxılmasını şərh edir

“Qubad İbadoğlu özü fəaldır, partiyası fəaliyyətsiz” – Deputatlar ADR-in buraxılmasını şərh edir
Ötən gün siyasi partiyalardan biri fəaliyyətini dayandırdı. Azərbaycan Demokratiya və Rifah Partiyası buraxıldı.

Bu barədə partiya sədri Qubad İbadoğlu bildirib ki, bu addım “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atılıb: “Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik”.

Qeyd edək ki, ADR 2015-ci ildə yaradılıb. Onun rəhbəri olan iqtisadçı professor Q.İbadoğlu Londonda yaşayır.

Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə Globalinfo.az-a bildirib ki, ADR-in özünü buraxması haqqında qərar qəbul etməsi “Siyasi partiyalar haqqında” Qanunun ilk gündən işlədiyini göstərir:

“Bu, Azərbaycanda artıq normal, sivil siyasi partiyaların fəaliyyət göstərdiyi bir sistemin qurulduğunu göstərir. Siyasi hakimiyyət uğrunda mübarizə aparan hər bir siyasi təşkilat qanun çərçivəsində hərəkət etməli olduğunu başa düşür. Bu Qanun uzun müzakirələrdən, ictimai dinləmələrdən, Milli Məclisdə üç oxunuşdan keçdikdən sonra qəbul edilib, günün tələblərinə cavab verir, Azərbaycanın və inkişaf etmiş demokratik ölkələrin təcrübəsini özündə birləşdirib”.

A.Mirzəzadə qeyd edib ki, Qanuna gələcəkdə işləmə təcrübəsindən asılı olaraq yeniliklər edilməsi tamamilə mümkündür:

“ADR-in Qanunun tələblərinə uyğun olaraq yenidən təşkil olunacağı və yaxud ictimai birlik kimi fəaliyyət göstərəcəyi artıq onun öz seçimidir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, vətəndaşların insan hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycan Respublikasının əsas vəzifələrindən biridir. Bu özünü “Siyasi partiyalar haqqında” Qanunun tətbiqində də göstərdi”.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev ADR rəhbərliyinin bu addımını doğru hesab edir:

“Qanunvericilik bunu tələb etdiyi üçün partiya bu qərarı verib. Yanvar ayının 11-dən “Siyasi partiyalar haqqında” yeni Qanun qüvvəyə minib. Hesab edirəm ki, hər bir partiya yeni Qanunun tələblərinə uyğun şəkildə üzvlər siyahısını tərtib edib və digər müddəaları da həll edərək qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edə bilər. Əgər onlar bu tələblərə əməl etmək istəsə, 5 min üzvlə müraciət edə bilər və ya elə hərəkat kimi fəaliyyət göstərə bilərlər. Burada hər hansı bir qadağa yoxdur. O baxımdan, mən bu addımı qanunvericiliyin tələblərinə uyğunlaşmaq cəhdi kimi dəyərləndirirəm. Onsuz da hörmətli Qubad bəy həmişə xarici ölkələrdə yaşayıb və işləyir. Partiya mövcud olsa da ümumilikdə fəaliyyəti görünmürdü. Hər halda bu, onların öz qərarıdır. Əgər partiyalarını saxlayıb fəaliyyətini gücləndirmək istəsələr, qeydiyyat üçün müraciət edəcəklər, istəməsələr, hərəkat kimi fəaliyyət göstərməkdə davam edərlər”.

R.Nurullayevin sözlərinə görə, ADR-in Azərbaycanın siyasi həyatında ciddi rolu olduğunun şahidi olmayıb:

“Qubad İbadoğlu özü həm sosial şəbəkələrdə, həm də müəllim kimi kifayət qədər fəaldır, amma siyasi partiyasının fəaliyyəti demək olar ki, yox idi. Ona görə bu partiyanın olmaması ilə Azərbaycanın siyasi həyatında hansısa boşluq yaranacağını düşünmürəm”.

Məsələ ilə bağlı Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri ilə əlaqə yaratmaq hələlik mümkün olmayıb. Onların da mövqeyini işıqlandırmağa hazırıq.

Gülnar Səlimova
Globalinfo.az