Nəhənglərin Zəngəzur anlaşması: Qlobal rəqiblər Azərbaycanda tarixi razılığa gəlir

Rusiya, Azərbaycan və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər. Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər. 

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Ermənistana səfəri zamanı isə demişdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığa gəlməyin vaxtıdır. Obrayen tərəflərə tövsiyə etmişdi ki, kommunikasiyaları açmaq lazımdır. ABŞ rəsmisi hazırda bunun üçün ideal şərait yarandığını söyləmişdi.

Ceyms Obrayen fikrini belə əsaslandırmışdı:

“Niyə indi vaxtdır? Orta Asiyadan Aralıq dənizinə ticarət yolu qurmaq üçün indi fürsət yaranıb – bu fürsət nəsildə bir dəfə ələ düşür. Bu, o zaman baş verə bilər ki, Ermənistanla Azərbaycan arasında sülh olsun. Və bu, təkcə əsas ticarəti deyil, həm də yol boyu yeni istehsalı açacaq”.

Göründüyü kimi, ölkəmiz də daxil olmaqla regionda yeni böyük siyasi-iqtisadi gəlişmələr gözlənir. Bu planlarda Çin kimi dünya nəhənginin də maraqları var. Artıq bir şey ortadadır ki, Zəngəzur dəhlizi qlobal rəqibləri bir masa başına yığır. ABŞ da artıq Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını istəyir. Vaşinqton həmçinin kommunikasiyaların açılmasının, yeni loqistik xətlərin inşasının vacibliyini vurğulayır.

Amma cəmiyyətimizdə narahatlıq yenə də qalır. Əsas narahatlıq bu yöndədir ki, Azərbaycan üzərindən reallaşmaqda olan böyük loqistik arteriyaların qlobal güclər arasında intriqaya, konfliktə çevrilmək perspektivi varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycan üzərindən keçəcək logistik yollarda bir çox ölkələrin maraqları var:

“Çox qəribə də olsa rəqib dövlətlərin belə bu yollar üzərindən anlaşma ehtimalı var. Şərq-Qərb, Cənub-Şimal dəhlizləri bir çox ölkənin maraqlarına uyğundur. Burada rəqabət deyil, uzlaşma mümkündür”.

İqtisadçı ekspertin sözlərinə görə, yeganə problem yollara nəzarətdir:

“Ermənistan üzərindən keçəcək yolların kimin nəzarətində olacağı əsas müzakirə mövzusudur. Çünki Rusiya Zəngəzurdan keçəcək avtomobil və dəmir yollarına nəzarəti öz üzərinə götürmək istəyir. ABŞ isə bu yolun Ermənistanın nəzarətində olmasında maraqlıdır. Bu məsələ həllini tapandan sonra bütün ətraf ölkələrin maraqlarını uzlaşdıracaq loqistik marşrutların açılmasının şahidi ola bilərik”.

Safura Bənnayeva
Globalinfo.az