Bir neçə gün öncə sosial şəbəkələrdə kanalizasiya çirkablarının “Masazır gölü”nə (Duz gölü) axıdılmasına dair video yayıldı. Həmin görüntülər ciddi narazılığa səbəb oldu. Maraqlısı isə odur ki, “AzərDuz”, “Salute”, “Bizim Duz” və “Alfa” markalı duz məhz bu göldə emal olunur. Bunun insan orqanizminə ziyanı varmı?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan qida texnoloqu Ağa Salamov deyib ki, duzların bir neçə növü olur: göl duzları, dəniz duzları və dağ duzları (qaya duzları).
Ekspertin sözlərinə görə, qaya duzlarında 76-ya yaxın mineral var:
“Məsələn, götürək bizim milli sərvətimiz olan, Naxçıvanda yerləşən Duz dağını, “Himalay duzu”nu və ya Türkiyədə olan “Qaya duzları”nı. Baxın, “Qaya duzları”nda həm mineral zənginliyi var, həm də antisanitar vəziyyətdə emal olunmur. Yəni çirkab sular qayalara deyil, göllərə və ya dənizə axıdılır. Ümumiyyətlə, biz qaya duzlarından istifadə edilməsini tövsiyyə edirik.
Azərbaycandan kənara getsək, kimsə gətirib bizim qarşımıza “Dəniz duzu” qoymayacaq. Artıq bu, Avropada mədəniyyət formasına keçib. Bizdə də əlimizdə Qaya duzu, Himalay duzu varsa, nəyə görə göl duzlarına müraciət etməliyik?! Demirəm göl duzu istifadə etməsinlər. Amma bir şey də var ki, həmin göl və ya dəniz duzları rəfinə olunmalıdır. Rəfinə olunan zaman isə onu götürüb titan dioksidlə ağardırlar. Bu isə kimyəvi elementdir”.
A.Salamov deyib ki, duz özü-özünü bakteriyalardan təmizləyir:
“Burada məsələ ondan ibarətdir ki, həmin duzlar böyrəklərdə çöküntülər yaradır. Ona görə ki, dediyimiz duzlarda yuyucu tozlarda, qənd emalı zamanı, saqqızlarda istifadə olunan ağardıcı maddədən istifadə olunur. Bir sözlə, ağardıcı hər bir şeylərdə, eləcə də duzlarda titan dioksid var. Bu maddə də xərçəng hüceyrələrinin bəslənməsində dəstək olan, həm də kimyəvi, zəzərli maddədir. Ona görə də dediyim duzlardan istifadə etməmək məsləhət görülür.
Ondan əlavə, istifadə etdiyimiz ağ duzlara nəmişliyə qarşı qatqı maddələr də vururlur. Nəm olan duzlarda isə qatqı maddəsi olmur. Amma el arasında dediyimiz “narın” duzun axarlılığını saxlamaq üçün maddələr qatılır”.
Ağa Salamov
Ekspert deyib ki, gölə axıdılan çirkab bir kənara, ağ duzlar rəfinə olunan zaman “başına oyunlar” gətirilir:
“Göldə olan çirkab onun yanında heç nədir. Bizim istifadə etdiyimiz süfrə duzları birbaşa ağ ölümdür. Ağ ölüm! Çünki tərkibində qoruyucu maddələr var. İllər öncə süfrələrimizdə olan duzlar nəm olardılar. Niyə? Çünki o vaxtı titan dioksiddən istifadə olunmurdu, hər şey orqanik idi. İndi bu duzu orqaniklikdən çıxardıb, təbiilikdən süniyə keçirdiblər. İnsan bioloji bir varlıqdır, süni deyil. Ona görə də, insan bütün qidaları, duz da başda olmaqla təbii olaraq istehlak etməlidir.
Yadda saxlayın, əgər duz rafinə olunursa, deməli, orada müxtəlif kimyəvi qatqı maddələri var. Bəzi göllərə axıdılan çirkab sular bir dərd, ağ ölüm olması isə başqa dərddir.
Dediyim kimi, insanlar dəniz və göl duzları deyil, qaya duzlarından istfadə etsinlər. Çünki qaya duzlarının tər vasitəsilə çıxartdığı bütün minerallar ki, var, hamısını qaya duzlarından ala bilərlər, göl duzlarından yox”.
Zaira Akifqızı
Globalinfo.az