Qərbin planı: Ukraynanı özünə birləşdirmək, Rusiyanı isə…

ABŞ Senatı Ukraynaya, İsrailə hərbi dəstəyi, Qəzzaya humanitar yardımı nəzərdə tutan qanun layihəsini bloklayıb. Paralel olaraq Rusiya cəbhədə sürətlə irəliləyir və pərdəarxasında Ukraynanın bölünməsi, parçalanmasından danışılır.

Maraqlıdır, bu hal Ukrayna müharibəsinə necə təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov da qeyd edib ki, Qərb Ukraynaya əvvəlki dəstəyini davam etdirmir:

“Bunun iki səbəbi ola bilər: ya dəstək göstərməkdə maraqlı deyil, ya da müharibənin uzanmasını qarşısına məqsəd qoyub. Müharibənin əvvəlində Rusiya sürətlə irəliləyir, Ukrayna isə bunun qarşısını ala bilmirdi. Sonrakı mərhələdə balans dəyişməyə başladı. Rəsmi Kiyev əks-hücum əməliyyatı ilə bunu reallaşdırdı. İndi isə yenidən rəsmi Moskvanın hücumları artıb. Ələ keçirdiyi əraziləri minalayır və bu da Ukraynanın əks-hücumunun sürətini azaldır. ABŞ lazımi dəstəyi tam şəkildə göstərmir. Görünür, Kollektiv Qərb həm Ukraynanı özünə birləşdirmək, həm də Putinsiz Rusiya yaratmaq istəyir”.

Samir Hümbətov

Politoloqun fikrincə, Rusiyanın Ukraynanı tamamilə işğal etməsi gözlənilmir:

“Müharibə qeyri-məlum vəziyyətdə davam edir. Qərb açıq şəkildə hər iki tərəfin uzunmüddətli müharibəyə getməsində maraqlıdır. Atdığı addımlar da buna uyğundur. Müharibənin tez bir zamanda bitməməsi Şərqi Avropaya da genişlənmə ehtimalını artırır. Bu da Kollektiv Qərb üçün ciddi təhlükəsizlik məsələlərini ortaya çıxara bilər”.

Safura Bənnayeva
Globalinfo.az