Bakı bu cümləni bəyanata qəsdən daxil edib – Sətiraltı mesajın açması

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin USAİD-lə bağlı toxunduğu məqam diqqət çəkir. Qeyd etdikləri onu deməyə əsas verir ki, Bakı Qərbdən yalnız siyasi-diplomatik basqı görmür, arxa planda ölkədə sabitliyi pozmağa hesablanmış layihələrə də start verilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, ABŞ-la Azərbaycan arasında gərginliyin kəskinləşməsi tendensiyası müşahidə olunsa da, iki dövlətin təhlükəsizlik və energetika sahəsindəki əməkdaşlıq ruhuna xələl gəlməyib:

“Çünki ABŞ-la Azərbaycanın Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan zolaq boyunca genişspektrli məsələləri əhatə edən birgə çağırışları mövcuddur.

Bu yaxınlarda rəsmi Bakı ABŞ-a qarşı səsləndirdiyi bəyanatda Vaşinqtonun Cənubi Qafqaz və Mərkəzi Asiya arasında bağlantılar qurması üçün Azərbaycanın həlledici rolundan bəhs etmişdi – diplomatik sətiraltı mesajla. Bir sözlə, ABŞ-la Azərbaycanın ulduzunun barışmaması fonunda Bakının xatırlatması mühüm bir detalın rəngini açır.

Yəni Azərbaycan “Mən olmadan ABŞ postsovet məkanındakı maraqlarına çata bilməz” deyir. Hərçənd Azərbaycanın tələbi belədir ki, ABŞ-ın regiondakı təmsilçilik dərəcəsi sülh və təhlükəsizliyə töhfə versin və bölgəni Rusiya ilə geosiyasi qarşıdurmaların poliqonuna çevirməsin.

Amma ABŞ regiondakı iştirakçılıq səviyyəsini Ermənistana dəstək göstərməklə nümayiş etdirir və İrəvanı Moskva ilə üz-üzə qalmağa təhrik edir. Bu, Azərbaycanın regiondakı strateji planlaması və üstün mövqelərlə genişlənməsi siyasətinə ziddir.

Çünki ABŞ regional siyasətinin həyata keçirilməsini Azərbaycan-Ermənistan sülh gündəliyinə kobud müdaxilələr hesabına yuxarı qaldırmağa cəhd göstərir. Deməli, Azərbaycan-Ermənistan sülh proqramı fonunda yaranan regional gərginlik Bakı ilə Vaşinqton arasında ən mübahisəli məsələlərdə birinin digərinin mövqeyini mənimsəməyə imkan vermir”.

Ekspert hesab edir ki, Azərbaycanla ABŞ arasındakı gərginliyin görünməyən bir tərəfinə də işıq salınır – söhbət Bakı ilə Tehranın münasibətlərinin yaxşılaşdırılması cəhdlərindən gedir:

“Görünə bilər ki, Azərbaycan bu məsələdə ABŞ-la nəyisə razılaşdırmayıb, çünki Bakı regional çərçivələri kənar qüvvələr hesabına formalaşdırmaq xəttini tutmur. Təsadüfi deyildi ki, Azərbaycan Xarici İşlər Nazirliyi Bakı-Tehran münasibətlərinin Ağ Evdə yaratdığı qıcıq barədə üstüörtülü, incə bir ismarışı Vaşinqton əleyhinə bəyanatın mətni arasına yerləşdirmişdi.

Mən Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin Cənubi Qafqaza səfər proqramını ABŞ-la Azərbaycanın idealları üzrə qarşılıqlı mənimsəmənin düsturunu tapmaq üçün tərtib edildiyini düşünürəm.

Çünki ABŞ-la Britaniya müttəfiqdir, hərçənd Londonun Cənubi Qafqazdakı maraqları Vaşinqtonun tərzindən fərqlənir. London Bakı ilə münasibətlərin inkişaf etdirilməsi, təhlükəsizlik dilemmalarına qarşı strateji layihələndirmələri fərqli bir oktavada ifa edir və Britaniyanın tərəzisində Azərbaycanın çəkisi Ermənistanın çəkisini əhəmiyyətli dərəcədə üstələyir”.

Turan Rzayev
Globalinfo.az