Qasım Abdullayevə vəzifə verildi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsinə seçki keçirilib. 

Globalinfo.az xəbər verir ki, seçkidə texnika elmləri doktoru Qasım İsrafil oğlu Abdullayev yekdilliklə kafedra müdiri vəzifəsinə seçilib.

Peşəkar inşaat mütəxəssisinin kafedranın daha uğurlu inkişafını təmin edəcəyi gözlənilir. Çünki t.e.d. Qasım Abdullayev metro tikintisi sahəsində praktik işlərlə yanaşı, həm də elmi-tədqiqat işləri ilə də məşğul olub. O, 2001-ci ildə Moskva Dövlət İnşaat Universitetinin aspiranturasına daxil olaraq metro-tunel tikintisi sahəsində elmi tədqiqat işləri aparıb. 2003-cü ildə Moskvada “Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı” mövzusunda dissertasiya işi müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi alıb. Həmçinin o namizədlik dissertasiya işini prosedur qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasında da müdafiə edib.

Q. Abdullayev xətti genişləndirilmiş ifrastrukturların tikintisinin planlaşdırılması və idarə edilməsi modelinin praktiki işlənməsi ilə yanaşı daim bunun nəzəri prinsiplərini də öyrənmək marağında olub. Ona görə də 2008-2012-ci illərdə Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin İnşaat İnstitutunun doktoranturasında bu sahənin mütəxəssiləri ilə birgə elmi-tədqiqat işləri də aparıb. Rəhbərliyi və birbaşa iştirakı ilə həyata keçirilən elmi-tədqiqat işlərini hazırlayaraq 2016-cı ildə “Xətt boyu yerləşən qurğuların tikintisinin idarə olunmasının təşkilatı-texnoloji etibarlılığının nəzəri əsasları” mözvusunda elmlər doktorluğu dissertasiya işi müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

T.e.d. Q. Abdullayev öz sahəsi üzrə ölkəmizdə və dünyada tanınan və əsərlərinə istinad olunan nüfuzlu alimdir. Onun yeraltı tunellərin tikintisinin təşkilində təşkilatı-texnoloji problemlərin və tapşırıqların etibarlı həll edilməsi ilə bağlı təqdim etdiyi elmi yeniliklər təcrübədə uğurla sınaqdan keçirilib. Alim Azərbaycanda metro-tunel tikintisi sahəsində hələ ki, yeganə elmlər doktorudur. Onun impakt faktor göstəricili beynəlxalq elmi jurnallarda 10-dan çox məqaləsi çap olunub, bir neçə konfransda məruzə edib.

2007-2011-ci illərdə alim Azərbaycan İnşaat Mühəndisləri Universitetində metro-tunel tikintisi üzrə bakalavriatura və magistratura pilləsində mühazirələr oxuyub. O, uzun illər “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsində çalışıb. Q. Abdullayevin fəaliyyəti dövründə “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” kimi böyük stansiyaların inşası həyata keçirilib və tamamlanaraq əhalinin istifadəsinə verilib. Bundan başqa “Elmlər Akademiyası” metro stansiyasının tikintisi, Prezident Administrasiyası və Musiqili Komediya Teatrı binalarının, Şəhidlər Xiyabanının mərmərlə üzlənməsi, eləcə də “Həzi Aslanov” metro stansiyasının bəzək-tamamlama işləri, Tovuz şəhərində 2 tunelin yeraltı keçidin tikintisi, “Avtovağzal” və “Əcəmi-2” metro stansiyalarının inşası Qasım Abdullayevin əmək bioqrafiyasının uğurlu səhifələrindəndir.

1980-ci illərin əvvəllərində Nalçikdən 90 km aralıda, Elbrus zirvəsinin yaxınlığında yerləşən SSRİ Elmlər Akademiyasının Baksan Neytrino Rəsədxanasında Günəşdən gələn neytrin şüalarını tutmaq üçün dağ altında tikilən eksperiment tunelinin inşası gecikdiyindən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev bu işin icrasını nəzarətə götürüb. Buna görə də ulu öndər əlavə işçi qrupunun Azərbaycandan gətirilməsini qərara alıb. O dövrdə “Azərtunelmetrotikinti”nin sədri olan Şaiq Əfəndiyev həmin tikinti işlərini həyata keçirə biləcək mütəxəssis kimi Qasım Abdullayevi ora rəis müavini göndərib. Q. Abdullayev 1986-cı ilin aprel ayından 1990-cı ilin aprel ayınadək 3500 metr uzunluğunda tunelin və yeraltı reaktor mərkəzlərinin tikintisini yüksək peşəkarlıqla və vaxtında həyata keçirib. Bu xidmətlərinə görə onun haqqında SSRİ-nin ali mükafatlarından birinə təqdimat göndərilsə də, SSRİ-nin dağılması ilə bu işlər də yarımçıq qalıb.

Şərəfli inşaatçı peşəsinə sadiq olan Q. Abdullayevin dövlət qarşısında gördüyü işlər ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin Sərəncamları ilə “Şöhrət” ordeni, “Əməkdar Mühəndis” fəxri adı, və  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə ilə təltif edilib.