Qafqazda geosiyasi müharibə pik həddə: Bakının gedişləri Qərbi iflic edib

Son zamanlar ABŞ və Qərbin Azərbaycana qarşı təzyiqləri gözlə görüləcək şəkildə artıb. Lakin bütün bu təzyiqlərə baxmayaraq rəsmi Bakı nə gözü qorxur, nə də geri addım atır.

Maraqlıdır, indiki məqamda Qərb ölkəmizə qarşı başqa hansı addımları ata bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanın ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar prosesinə qatılmaması Ermənistanı çətin vəziyyətə salıb:

“Nikol Paşinyan hesab edirdi ki, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə Azərbaycana təzyiqlər ediləcək və beynəlxalq missiyanın vasitəçiliyi ilə Qarabağdan köçən ermənilərin qayıtmasına nail olacaq. Bu o baxımdan vacibdir ki, Paşinyan Azərbaycana qarşı təzyiq etmək istəyir. Bununla da Azərbaycan qoşunlarını “güzgü prinsipi” ilə geri çəkəcək. Amma Prezident İlham Əliyevin strateji və manevr siyasəti Ermənistanı növbəti dəfə siyasi məğlubiyyətə uğratdı.

Məhəmməd Əsədullazadə

N.Paşinyanın Qərbdə Azərbaycan əleyhinə qurmaq istədiyi siyasi təzyiq planları Ermənistanın əleyhinə işləyir. Azərbaycan həm Zəngəzur dəhlizindən imtina edir, İran ərazisindən keçməklə yeni dəhliz əldə edir, həm də Vaşinqton və Brüsselin vasitəçiliyindən imtina edir. Bu, Azərbaycanın geosiyasi mövqelərini daha da gücləndirməsinə gətirib çıxarır”.

Politoloq hesab edir ki, Azərbaycana nə Moskvada, nə də Qərbdə danışıqlar aparmaq sərf edir:

“Çünki Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycana Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində intensiv danışıqlar aparmaq, xarici ölkələrə səfərlər etmək vaxt itkisidir. Belə danışıqlar prosesi Ermənistanın maraqlarına uyğundur.

Qeyd edim ki, ötən gün Ermənistan xarici işlər nazirinin müavini M.Səfəryan vasitəçilərin iştirakı ilə danışıqlarda maraqlı olduqlarını və Qarabağ məsələsini gündəmdə saxladıqlarını vurğuladı. Göründüyü kimi, Ermənistan hakimiyyəti öz avantürist siyasətindən geri çəkilməyib. Məhz Prezident İlham Əliyevin master-klass siyasəti ABŞ, Brüssel və İrəvanın ölkəmiz əleyhinə siyasətini fiaskoya uğratdı”.

Turan Rzayev
Globalinfo.az