Putinin yeni nüvə hazırlığı dünyanı təşvişə saldı – həmlə iyulun 8-də başlayır…

Ötən gün Soçidə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə nüvə silahlarını iyulun 8-ə qədər yerləşdirəcəyini açıqladı.

Putinin bu açıqlaması Qərbdə ciddi təşviş ilə qarşılanıb. Qərb mediası nüvə silahlarının yerləşdirilməsi prosesinin həddən artıq sürətlə icra edildiyindən təəccüblənib və bu tarixin təsadüfən seçilmədiyinə diqqət çəkib.

Bəzi ekspertlər isə bunu 11-12 iyul tarixlərində Vülnusda keçiriləcək NATO sammitinə Rusiyanın cavabı kimi qiymətləndirir.

Maraqlıdır, Kremlin Belarusa nüvə silahlarını yerləşdirməsi nədən xəbər verir? Rusiya bununla nəyə nail olmaq istəyir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Prezidenti Vladimir Putin səhvlərindən dərs çıxarmaq yerinə daha böyük səhvlər edir:

Elxan Şahinoğlu

“Rusiyanın Belarusa nüvə silahlarını yerləşdirməsi çox ciddi strateji səhvdir. Məsələ ondadır ki, vaxtilə SSRİ-nin nüvə silahı 4 respublikada – Rusiyada, Ukraynada, Belarusda və Qazaxıstanda olub.

Putin hazırkı reallıqlar ilə hərəkət edir. Lakin gələcək perspektivdə onu nəyin gözlədiyini düşünmür. Misal üçün, Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Putinə tabedir, lakin Belarusun yeni lideri bu xətti tutmaya da bilər. O da Ukrayna kimi Belarusu Qərbə inteqrasiya etdirsə, nüvə silahları Kremlin özünə qarşı tuşalana bilər”.

Politoloq hesab edir ki, Ukraynadan fərqli olaraq Belarus gələcəkdə nüvə silahlarını Rusiyaya verməməlidir:

“Ukrayna müharibəsi göstərdi ki, bu yanlış qərar idi. Ukraynanın nüvə silahı olsaydı, Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlamağa risk etməzdi. Minsk də bundan dərs çıxarıb. Belarus gələcəkdə həmin nüvə silahını Rusiyaya qaytarmayaraq, onu ərazisində saxlamaq haqqını tələb edə bilər”.

Turan Rzayev
Globalinfo.az