Putinin Vardanyanla bağlı fırıldağının üstü açılır

“Ruben Vardanyan qanunsuz şəkildə Qarabağa gələrkən Rusiya vətəndaşlığından çıxdığını elan etmişdi. Ötən gün isə onun bu tələbi qəbul edilib. Rusların layihəsi olan Rubenin Rusiya vətəndaşı olaraq qalması Moskvaya sərf etmirdi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Rusiya Prezidenti Vladimir Putinin Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxması haqda ərizəsini təsdiqləməsini şərh edərkən deyib.

O xatırladıb ki, Azərbaycan Vardanyanın Rusiya vətəndaşı olması səbəbindən Kremli tez-tez ittiham edirdi:

“Rusiya “Vardanyan məsuliyyəti”ndən xilas olmaq üçün belə bir addım atdı. İstisna deyil ki, yaxın dövrdə separatçı rejimə “rəsmi” olaraq “rəhbər” olacaq. Və onun Bakı ilə təmaslarda erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi cəhdləri də artacaq.

Vardanyan Rusiya vətəndaşı olduğu müddətdə Kreml bunu edə bilməzdi.  Bakının Qarabağdakı ermənilərlə təmaslarında “əsas nümayəndə” kimi sırımaq istədikləri Vardanyanın başqa ölkənin vətəndaşı olması da bu imkanı zəiflədirdi. Buna görə də Putin belə bir qərar verdi”.

Turan Rzayev
Globalinfo.az