Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 18-də Azərbaycana səfəri bir çox maraqlı məqamlarla yadda qaldı. Kobaxidze səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və baş nazir Əli Əsədov ilə təkbətək görüşlər keçirdi.
Gürcüstanın hökumətinin başçısı həmçinin Bakıda yeni tikiləcək səfirlik binasının yerləşəcəyi ərazi ilə də tanış olub. Baş nazir Tbilisiyə göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib və Bakı ilə münasibətlərin dərinləşməsini ölkəsi üçün prioritet adlandırıb.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Kobaxidzenin oktyabrda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə və xalq arasındakı sarsılmaz dostluq, qardaşlıq münasibətlərinin göstəricisidir:
“Gürcüstanın baş nazirinin səfəri çərçivəsində keçirdiyi görüşlər və Azərbaycan Prezidenti ilə birgə mətbuata bəyanatında verdiyi mesajlar Bakı və Tbilisinin bir-biriləri üçün üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini təsdiqləyir.
Biz azərbaycanlılar ən yaxın, ən doğma qonşularımıza münasibətdə, bəlkə də yüz illərdir ki, “qapı qonşusu”, “çəpər qonşusu” epitetlərindən istifadə edirik. Gürcüstanla Azərbaycanın münasibətlərinə, həm də geostrateji anlamda “qapı qonşusu” epiteti daha çox uyğun gəlir. Çünki Azərbaycan Gürcüstan üçün Xəzər dənizinə, Mərkəzi Asiyaya, Gürcüstan isə Azərbaycan üçün Qara dənizə, Avropaya açılan qapıdır. Hər iki ölkə həm coğrafi, həm siyasi və həm də mədəni istiqamətdə Asiya ilə Avropa arasında geostrateji dəhliz, körpü missiyasını yerinə yetirirlər.
Xalq hakimiyyətini ifadə edən ilk respublikamızın elanının, məhz dost, qardaş ölkənin paytaxtında edilməsi daim çiyin-çiyinə olan qohum mədəniyyətlərimizin, azad ruhumuzun ifadəsi baxımından nə qədər önəmlidirsə, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə münasibətdə sərgilədiyi qardaş dəstəyi də bir o qədər əhəmiyyətlidir”.

İlham Əliyev və İrakli Kobaxidze, 27 yanvar, 2025
Deputat bildirib ki, Gürcüstanda yaşayan yüzminlərlə soydaşımız hər zaman bu ölkənin müstəqil inkişafının, suverenliyinin dəstəkçisi kimi çıxış ediblər:
“Azərbaycanda yaşayan gürcü əsilli soydaşlarımız da eyni əqidə ilə öz vətənlərinə xidmət edir, dünyaya fərqli milli kimliyə və dinlərə mənsub olan xalqların dostluq, qardaşlıq və ləyaqət nümunəsini nümayiş etdirirlər.
Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər çalaraq, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi və öz xalqının, ölkəsinin ərazi bütövlüyü ilə yanaşı milli maraqlarını da misilsiz qətiyyətlə qoruyan Prezident İlham Əliyevin nümayiş etdirdiyi cəsarət bütün dost ölkələr, xalqlar kimi Gürcüstanı və qardaş gürcü xalqını, Gürcüstanın ləyaqətli vətəndaşları olan azərbaycanlıları da ilhamlandırıb. Təsadüfi deyil ki, Gürcüstanın baş naziri mətbuata bəyanatında Azərbaycan Prezidentinə xitab edərək bu sözləri deyib: “Siz bizim üçün öz xalqının və dövlətinin maraqlarını qoruyaraq ölkəni irəli aparan lider nümunəsisiniz. Əminik ki, qardaşlığımız bundan sonra da inkişaf edəcək. Biz müttəfiqik və bir-birimizi qətiyyətlə dəstəkləyirik”.
Düşünürəm ki, İrakli Kobaxidzenin bu səmimi fikirləri gerçəkliyi əks etdirməklə birlikdə, Azərbaycan liderinin öz xalqı, ölkəsi ilə yanaşı bütün azadlıqsevər xalqlar, şəriksiz müstəqillik yolunu seçən dövlətlər üçün istinad mənbəyi olduğunu göstərir.
Qənaətimə görə, öncə Gürcüstanın xarici işlər nazirinin, daha sonra isə Baş nazir İrakli Kobaxidzenin Azərbaycana səfəri iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin ən üst mərtəbəsinə aparan yolun başlanğıcıdır. Ola bilsin ki, bütün bunlar qarşıdakı dövrdə imzalanacaq sənədlərdə də öz təsdiqini tapsın”.
Turan Rzayev
Globalinfo.az