Putin Ukrayna ilə bağlı taktikanı dəyişdi – Savaşın bitmə tarixi…

“Bu gün Rusiya-Ukrayna müharibəsinin bir ili tamam olur və proseslərə əsasən deyə bilərik ki, bu savaş 2023-cü ildə də davam edəcək”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin bir ilinin tamam olması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin hədəfi müharibənin birinci ilində Ukraynanın yarısını işğal edib, paytaxt Kiyevə daxil olub, hakimiyyəti dəyişmək idi:

“Putin bu hədəflərinin heç birinə nail ola bilmədi. Bundan başqa, Rusiya ordusu kifayət qədər itkilərə məruz qaldı.

Putinin 2023-cü il hədəfi isə ötən ilə nəzərən daha dəqiqdir. Belə ki, o, ötən il təşkil etdiyi saxta referendumla Rusiyaya birləşdirilən 4 Ukrayna ərazisinin administrativ sərhədlərini bərpa etmək istəyir. Lakin Ukrayna tərəfi həmin vilayətlərdən olan Xersonun böyük hissəsini işğaldan azad edib”.

Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsi üçün diplomatik fəaliyyətlər hələlik dayandırılıb:

“Çin bu yaxınlarda bir neçə maddəlik sülh planı təklif etsə də, tərəflərin bu təşəbbüsə reaksiyası elə də müsbət olmadı. Diplomatik təmasların nəticəsiz qalması müharibənin uzanacağını deməyə əsas verir.

Qərbin Ukraynaya dəstəyi, Rusiyaya sanksiyalar tətbiq etməsi də gərginliyin bu tezlikdə bitməyəcəyini göstərir”.

Turan Rzayev
Globalinfo.az