Putin tezliklə “çox mühüm yalan” məlumat yayacaq – Ekspert

Üç gündən sonra Ukraynadakı müharibənin bir il tamam olacaq. Diqqətçəkən məqam Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciətinin gözlənilməsidir. Bəzi ekspertlər hesab edirlər ki, Putin xalqa hansısa müjdə verməyə çalışacaq. Bu müjdənin nə olması bilinməsə də, qarşıdakı günlərdə Rusiya-Ukrayna müharibəsinin daha da gərginləşməsi, genişmiqyaslı hücumların həyata keçiriləcəyi istisna edilmir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, müharibənin ildönümündə Putin Baxmutun nəzarətə götürülməsi barədə həqiqəti əks etdirməyən məlumatı xalqa verə bilər:

“Zaman Rusiyanın əleyhinə işləyir. Bu, özünü ən çox ölkədəki narazılığın artmasında və daxili gərginlikdə göstərir. Rusiya hərbi elitasında ikitirəliyin olduğu aydındır. Daha kiçik rütbəli zabitlər bir çox hallarda komandirlərinin tapşırıqlarını yerinə yetirmək istəmirlər. Həmçinin getdikcə orduya inam azalır. Təsadüfi deyil ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov artıq Ukraynadakı döyüşlərə şəxsən nəzarət edir”.

Ekspertin sözlərinə görə, Baxmut hər iki tərəf, xüsusilə Rusiya üçün strateji əhəmiyyətlidir:

“Elə buna görə də rəsmi Moskva bu istiqamətə xüsusi diqqət göstərir. Putin ehtimal edilən müraciəti zamanı, yəqin ki, insan amili məsələsinə toxunacaq. Ola bilsin, o, Rusiya Silahlı Qüvvələri üçün prioritetin insan faktoru olduğunu vurğulasın və uğursuzluqları belə izah etsin.

Hər halda indiki şəraitdə Moskvanın alternativləri elə də çox deyil. Davam edən müharibə Rusiyanı daxilən daha da zəiflədəcək. Gələcəkdə hərbi elitada yeni islahatların həyata keçirilməsi mümkündür. Amma onların nəticə verəcəyi ağlabatan deyil. Təəssüf ki, Rusiyanın davam edən uğursuzluqları fonunda nüvə silahından istifadə ehtimalı artır”.

Turan Rzayev
Globalinfo.az