Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya bazarına ixrac olunan erməni mallarına tətbiq edilən məhdudiyyətlərlə bağlı Vladimir Putinə müraciət edib. O, bu addımların Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına və ikitərəfli razılaşmalara zidd olduğunu bildirərək problemin aradan qaldırılması üçün tədbir görülməsini istəyib.
Bu müraciətdən sonra Putin ixraca qoyulan məhdudiyyətləri aradan qaldıra bilərmi? Məhdudiyyətlər nədən qaynaqlanır?
Globalinfo.az-a danışan politoloq Əfsanə İbrahimova deyib ki, formal səbəb sanitar-baytarlıq iddialarıdır:
“Belə ki, Rusiyanın “Rosselxoznadzor” qurumu bunu keyfiyyət və sertifikatlaşdırma pozuntuları ilə əsaslandırır. Məsələn, qurum iyunun 1-dən Ermənistandan diri balıq idxalına məhdudiyyət tətbiq edib və problemin aradan qaldırılmasına qədər qərarın qüvvədə qalacağını açıqlayıb. Bundan əvvəl isə mineral su, spirtli içkilər, meyvə və tərəvəz də daxil olmaqla bir sıra Ermənistan məhsullarının idxalına “aşkar edilmiş pozuntular” səbəbilə məhdudiyyət qoyulub. Lakin hadisələrin ümumi fonu bu qərarların siyasi məzmun daşıdığını göstərir. Məhdudiyyətlər Ermənistanda parlament seçkiləri ərəfəsində Moskva ilə İrəvan arasında münasibətlərin kəskin gərginləşdiyi dövrdə tətbiq olunub. Rusiya rəsmiləri Paşinyan hökumətini həm Aİİ üzvlüyünün üstünlüklərindən yararlanmağa, həm də Avropa İttifaqı (Aİ) ilə inteqrasiyanı sürətləndirməyə çalışmaqda ittiham edir. Moskva hətta Ermənistanla qaz müqaviləsinə yenidən baxıla biləcəyi barədə xəbərdarlıq edib”.
Əfsanə İbrahimova
Politoloq bildirib ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qəti təminat yoxdur:
“Bundan əvvəlki telefon danışığında Putin Paşinyana məhdudiyyətlərin aradan qaldırılmayacağını, əksinə sərtləşdiriləcəyini bildirib. Bu da Rusiyanın ticarət məhdudiyyətlərindən siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini göstərir. Lakin son həftələrdə müəyyən irəliləyiş siqnalları da müşahidə olunur. İyulun 6-da Yekaterinburqda Paşinyan ilə Rusiyanın Baş naziri Mixail Mişustin arasında keçirilən görüşdə idxal məhdudiyyətləri ilə bağlı razılaşmaların əldə edildiyi bildirilsə də, təfərrüatlar açıqlanmayıb.
Mövcud vəziyyət göstərir ki, məhdudiyyətlərin aradan qaldırılması təkcə texniki məsələ deyil. Bu proses əsasən Ermənistanın xarici siyasət kursundan, xüsusilə Aİ ilə yaxınlaşmanın tempi və Rusiya ilə hərbi-siyasi münasibətlərin gələcəyindən asılı görünür. Rusiya isə bu məhdudiyyətləri danışıqlarda təsir vasitəsi kimi saxlamağa çalışır. Bu baxımdan, Putinin yaxın müddətdə məhdudiyyətləri tam və sürətlə aradan qaldıracağı hələlik qeyri-müəyyən olaraq qalır”.
Ləman İmran
Globalinfo.az