Putin görüşdən dərhal sonra Əliyevə niyə zəng etdi? – Kremli düşündürən 3 sual

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Görüşdən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Telefon danışığının təfərrüatı bəlli olmasa da, sözügedən görüşdən sonra belə bir müzakirənin getməsi kifayət qədər diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Putin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə nələrin müzakirə edildiyini bilmək istəyir:

“Hesab edirəm, indiki məqamda Putini düşündürən bir sıra suallar var:

Birincisi, Azərbaycan və Türkiyə liderləri nələri müzakirə ediblər və bunun Rusiyaya təsirləri nədən ibarət ola bilər?

İkincisi, TDT çərçivəsində qəbul olunan qərarlar Qərbin Rusiyaya qarşı maraqlarına transfer ediləcək, yoxsa neytrallıq əsas götürülür?

Üçüncüsü, bu qərarların təsirləri Cənubi Qafqaz oxunda Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq formatını zədələyəcək, yoxsa daha da dərinləşdirəcək?

Mümkündür ki, Zirvə Görüşünün nəticələrinin Cənubi Qafqaza təsiri yaxın günlərdə özünü büruzə verəcək”.

Ekspert bildirib ki, TDT-ni öz strateji maraqlarının çətiri altına gətirmək üçün Qərb, Rusiya və Çin arasında mübarizə şiddətlənir:

“Çünki TDT-də təmsilçilik hüququ alan dövlətlərdən Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistan nəhəng zəngin ehtiyatlara sahibdir.

Azərbaycanla Türkiyə indiki məqamda alternativ hərbi blok yaradılmasına can atır və nəticələr onların xeyrinə dəyişə bilir”.

Turan Rzayev
Globalinfo.az