Psixoloqun bu tövsiyələrini gənc valideynlər mütləq nəzərə almalıdır – Vacib açıqlama

7 yaşlı Fərid Bakarovun məşqçi tərəfindən qətlə yetirilməsi ölkədə ciddi narahatlıq yaradıb. Valideynləri daha çox düşündürən sual isə, uşaqları neçə yaşda və hara yönləndirmək lazımdır?

Globalinfo.az-a danışan uşaq psixoloqu Aytac Nağılı deyib ki, uşaqları kiçik yaşlarda ağır idman növü ilə yükləmək olmaz:

“Amerikada belə bir nəticəyə gəlinib ki, uşaqla müəyyən yaşlarda idman növlərinə başlamaq olar. Burada söhbət uşağın ümumi inkişafından gedir. Ümumi inkişaf dedikdə fiziki inkişafı nəzərdə tutmamalıyıq, bura psixoloji inkişaf da daxil edilməlidir. Amerikadakı nəticələrdən belə aydın olur ki, 1 yaş 6 aylıq uşaq ümumiyyətlə o qədər güclü, aktiv olur ki, hətta uşağın yerimə müddəti 29 futbol meydançası qədər hesablanır. 29 futbol meydançası qədər yeriyə bilən bir uşaq bəzən havaya çıxarılmır, çöldə gəzmir. Bəzən də elə olur ki, gün ərzində maksimum 1 saat həyətə çıxır və uşaq arabasında oturur. Belə halda uşaq öz ehtiyacını da ödəyə bilmir. Burada isə yaş yarımda bir uşağın 29 futbol meydançası qədər gəzə bildiyi halda, gəzməsinə imkan verilmir. Nəinki 29, heç 2 futbol meydançası qədər də gəzə bilmir. Valideyn deyir ki, “uşağım evdə oturmur, amma harasa gedəndə qucağıma çıxır”. Axı uşaq gəzməyə öyrənməyib. O, gəzməyi öyrənsə, qucaqda qalmaz. Uşaq evdə oturmursa, deməli, bu uşağın içində, canında enerji var. Sadəcə, uşaq həmin enerjini reallaşdırmağı, idarə etməyi bacarmır. Biz valideyn olaraq bunu ona öyrətməliyik. 29 futbol meydançası dediymiz zaman dayanmadan bu qədər məsafəni gəzməkdən danışmırıq. Uşağın çöldə gəzərək keçirdiyi zamanı uzatmalıyıq”.

Psixoloq deyib ki, bir uşağı idmana qoyuruqsa, mütləq onun idrak proseslərini də nəzərə almalıyıq:

“Ümumiyyətlə, uşaqların diqqət müddətləri qısa olur. Buna görə də, onları kiçik yaşlarında ağır idman növlərinə qoymaq olmaz. 2-5 yaş arası uşaqların yavaş-yavaş bədənini açacaq gimnastika, xoreoqrafiya tipli məşğələlərə yönləndirməliyik. Bu zaman uşağın bədəni açılır və bədən açılmaqla bərabər diqqətinin müddəti də uzanır, həm fiziki, həm də psixoloji olaraq uşaq inkişaf etməyə başlayır. Gimnastika və xoreoqrafiyaya gedən bir uşaq artıq müəyyən qədər psixoloji və fiziki olaraq digər idman növlərinə hazırlaşmış sayılır. Gimnastikaya getməyən və gedən uşaqlar arasında fərq var. Birbaşa idmana gedən uşaqda müəyyən qorxu ilə yanaşı həyəcan da olur. Çünki tanımadığı bir mühitə düşür. Amma gimnastikadan sonra digər idman növlərinə addım-addım keçdiyi zaman qorxusu, həyəcanı azalır, özünə güvəni artır. Uşağı idmana kimisə döymək üçün yox, özgüvənini artırmaq üçün göndərməliyik”.

A.Nağılı deyib ki, 6-9 yaş uşaqlarda bədənlərində fırlanma bacarıqları formalaşır:

“Bu isə voleybol, futbol, basketbol, gimnastikanın özü, tennis, üzgüçülük kimi idman növləridir. Bu tip idman növləri 6-9 yaşda çox gözəl nəticə verir. Əgər övladımızın professional idmançı olmasını istəyiriksə, addımları nəzərə alaraq getməliyik. Uşağı birdən-birə 9-10 yaşında gətirib güləşə, boksa qoymamalıyıq. Bizim əsas məqsədimiz uşağımızın özgüvənini artırmaq, formalaşdırmaqdır. 7-8 yaşda uşaqlarda müdafiə bacarığı formalaşır. Bu zaman biz uşağı müdafiə tələb edən məşqlərə yönləndirə bilərik. Amma dalaşmaq məqsədi yox, özünü müdafiə etmək istəyi olmalıdır. Burada valideynin bunu bilməyindən əlavə də, peşəkar təlimçi də bilməlidir”.

Psixoloq deyib ki, təlimçi uşağı idmana götürən zaman uşağı qarşıdaki birini döyən, qorxudan biri kimi yetişdirməməlidir:

“Məşqçi uşağı özünü müdafiə etməyi bacaran biri kimi yetişdirməlidir. Təlimçi o zaman peşəkar sayıla bilər. Bütün bu proseslərdən sonra, biz uşaqlarımıza bir güc vermiş oluruq. Uşaq dəyərlərin fərqinə varmalıdır ki, özündən zəifi əzməsin, şiddətlə müdafiənin fərqini anlamalıdır. Bu isə əxlaqi və mənəvi dəyərlərlə formalaşır. Bunu evdə valideyn övladına aşılamalıdır. Bütün bunlardan sonra uşaqları 10 yaşdan sonra ağır idman növünə yönləndirmək olar”.

Zaira Akifqızı
Globalinfo.az