Prezident İlham Əliyev Azərbaycanla əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı artmaqda olduğunu bildirib.
Prezident deyib ki, Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın müştərisidir. Ümumilikdə isə 12 Avropa ölkəsi bizdən qaz alır.
Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində son 20 il ərzində Azərbaycan dövləti bütün sahələrdə qələbələr qazanır, uğurlar əldə edir.
Azərbaycanı yaxın gələcəkdə hansı iqtisadi, sosial və siyasi dividendlər gözləyir?
Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, Azərbaycan beynəlxalq əməkdaşlıqlar üçün çox möhkəm platforma qurub:
“30 il ərzində formalaşdırılan siyasi münasibətlər artıq bizim yaxşı və etibarlı tərəfdaş olduğumuzu nümayiş etdirir. Bu gün beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlıqlarımız var.
Bəli, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır.

Müşfiq Cəfərov
Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.
Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan, Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək”.
Turan Rzayev
Globalinfo.az