Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo argentinalı futbolçu Lionel Messi ilə münasibətləri və uzun illər davam edən rəqabəti barədə danışıb. O, mükafatlandırma mərasimlərində birlikdə iştirak etdikləri dövrdən maraqlı bir xatirəsini də bölüşüb.
Globalinfo.az xəbər verir ki, Ronaldo bu barədə “The Touchline”a açıqlamasında danışıb.
Portuqaliyalı ulduz bildirib ki, 15 il ərzində müxtəlif mükafatlandırma mərasimlərində Messi ilə eyni səhnəni bölüşüb və aralarında hər zaman yaxşı münasibət olub. Ronaldo həmin tədbirlərdə aparıcıların və qonaqların çıxışlarını argentinalı futbolçuya tərcümə etdiyini xatırladıb və bunu əyləncəli hadisə kimi xarakterizə edib.
Ronaldo Messinin ona daim böyük hörmət göstərdiyini vurğulayıb. O qeyd edib ki, hər ikisi öz klublarının və milli komandalarının maraqlarını müdafiə etsələr də, aralarındakı rəqabət sağlam idman mübarizəsindən ibarət olub.
“Əminəm ki, bütün bu illər ərzində bir-birimizi daha da inkişaf etməyə sövq etmiş və motivasiya etmişik”, – deyə Ronaldo bildirib.