Prezident Cəbrayılda oldu – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş plana əsasən, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq.

Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq.

Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.

Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Globalinfo.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, ölkəmizin elektroenergetika sektorunda texnoloji innovasiyaların tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində Cəbrayıl şəhərində Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il oktyabrın 19-da təməli qoyulan “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.

Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək. Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə edilməsinə imkan yaradacaq. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığı və dayanıqlılığına nəzarət təmin ediləcək. Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Eyni zamanda, burada mühəndis–texniki heyətin effektiv işini təmin edən müasir avadanlıqlarla təchiz edilmiş iş otaqları, vətəndaş qəbulu üçün bütün şərait nəzərdə tutulub.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

Məlumat verildi ki, 35/0,4 kilovoltluq “Cəbrayıl şəhər” yarımstansiyası qovşaq yarımstansiyası olmaqla 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olacaq.

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir. Binanın dam örtüyündə yaradılan “yaşıl enerji” mənbəyinin şəbəkəyə inteqrasiyası həyata keçirilib.

Prezident “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edibPrezident “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib

X X X

Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi-Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Globalinfo.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına tikinti işlərinin gedişi barədə məlumat verdi.

Qeyd olunub ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 718 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

Dövlət başçısına Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri barədə də məlumat verildi.

Qeyd olunub ki, 8 hektardan çox ərazidə 25 binadan ibarət Şirvan Yaşayış Kompleksinin inşasına başlanılıb. Burada 9 mərtəbəli 14, 12 mərtəbəli 11 bina inşa ediləcək. Kompleksdə 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı və 248-i dördotaqlı olmaqla ümumilikdə 1264 mənzil olacaq. Bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçası da tikiləcək.

Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var. Mənzillərin 32-si birotaqlı (studio tipli), 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i isə dördotaqlıdır.

Yeddimərtəbəli 6 binadan ibarət Yevlax Yaşayış Kompleksinin inşasına tezliklə başlanılacaq. Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.

X X X

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Prezident İlham Əliyev Cəbrayıla səfər edibPrezident İlham Əliyev Cəbrayıla səfər edib