Polşanın xarici işlər naziri Radoslav Sikorski İranı uzun illər terrorizmi dəstəkləməkdə və Avropa da daxil olmaqla müxtəlif bölgələrdə terror aktları təşkil etməkdə günahlandırıb.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, İran təkcə terror qruplarını dəstəkləməyib, həm də ABŞ hədəflərinə qarşı hücumların təşkilində iştirak edib.
“İran özü Avropada və digər qitələrdə, o cümlədən Amerika hədəflərinə qarşı terror aktları təşkil edib”, – deyə Sikorski bildirib.
Nazir İranın mövcud siyasi sistemini XX əsrin digər radikal ideoloji layihələri ilə müqayisə edərək sərt ifadələr işlədib.
“Bu, XX əsrin son utopiyasıdır. Nasizm, kommunizm və İran teokratiyası var idi”, – deyə o vurğulayıb.
Sikorski həmçinin Avropa ölkələrinin İrana qarşı həyata keçirilən əməliyyat barədə əvvəlcədən müəyyən məlumatlara malik olduqlarını qeyd edib.
Onun sözlərinə görə, İranın zəngin tarixi və mədəni irsi olan ölkənin resursları müharibələrə, İsraillə qarşıdurmaya, dini dövlət modelinin yayılmasına və uranın zənginləşdirilməsi proqramına yönəldilib.
“Bu qədim mədəniyyətin resursları müharibənin, İsraillə qarşıdurmanın və müəyyən dini dövlət modelinin yayılmasının yolunda xərclənib. Nəticədə ölkə tamamilə tükənib”, – deyə Polşa XİN rəhbəri qeyd edib.
Nazir əlavə edib ki, Tehran uzun illər ərzində resurslarını ölkənin inkişafına deyil, İsraillə qarşıdurmaya yönələn xarici siyasətə və nüvə proqramına sərf edib.
Əliyar Xəlil