Polis özünü çaya atan qadını və onun azyaşlı övladını xilas etdi

Azərbaycanda intihara cəhd hadisəsi olub. Qadın azyaşlı övladı ilə birgə özünü öldürmək istəyib.

Globalinfo.az xəbər verir ki, hadisə bu gün Zərdab rayonunda baş verib.

Belə ki, qadın azyaşlı övladı ilə birgə özünü körpüdən Kür çayına ataraq intihara cəhd edib. Hadisəni görən Zərdab rayon mühafizə polisinin kiçik çavuşu İlqar Zahir oğlu Əhmədzadə özünü çaya ataraq hər ikisini də ölümdən xilas edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Globalinfo.az-a verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, özünü çaya atan qadın həyat yoldaşının onunla maraqlanmadığını, ailəsinə laqeyd münasibət bəslədiyini bildirib və intihara cəhd etmək istəyib. Ailə nəzarətə götürülüb, bütün zəruri tədbirlər görülməkdədir.

Məlumata görə, intihara cəhd edən ana və övladının vəziyyəti yaxşıdır, faktla bağlı araşdırma aparılır.

Zaira Akifqızı
Globalinfo.az