Paşinyanın bu addımı İrana təhlükə yaratdı: Tehran-İrəvan qarşıdurması…

Ermənistanın KTMT- ilə münasibətlərini qırması və buradan çıxması, alyans və regional təhlükəsizlik sistemi üçün böyük zərbə olacaq.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qrant Melik Şahnazaryan deyib.

“KTMT hazırda regionda qalmaq üçün mübarizə aparır. Yəni hazırda ona Ermənistan lazımdır. Üstəlik, KTMT Azərbaycan və Gürcüstanı özünə üzv etmək perspektivi yoxdur və ona görə də İrəvanı öz çərçivəsi daxilində saxlamağa çalışır” – deyə o bildirib.

Şahnazaryan Ermənistan hakimiyyətinin artıq özünün seçdiyi siyasi vektoru nümayiş etdirməyə başladığını söyləyib. Onun sözlərinə görə, İrəvanın ölkəni Qərbə aparmaq qərarı təkcə Rusiyanı yox, İranı da narahat edir:

“İran onilliklər ərzində öz sərhədlərində Qərbin hərbi mövcudluğuna qarşı çıxış edib. Qərb bu ölkə üçün ciddi təhdid kəsb edir. İndi Cənubi Qafqazda belə hərbi mövcudluq var, yəni Qərb regiona hərbi yolla daxil olur və məhz bundan sonra hansı hadisələrin olacağını isə İran müəyyən edəcək”.

İlkin Həsənov
Globalinfo.az