Paşinyanın Bakı ilə bağlı gizli görüşünün yeni detalları

Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın 14-də öz partiyasından olan deputatlarla qapalı görüşünün yeni detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Paşinyan görüş zamanı Azərbaycanla bu il sülh müqaviləsini imzalayacaqlarına ümid etdiyini bildirib. O həmçinin tərəflərin mövqeyinin çox yaxınlaşdığını etiraf edib:

“Lakin əlavə edib ki, onu narahat edən əsas məsələ müqavilənin imzalanmasından sonra baş verəcək şeylərdir. O partiya üzvlərinə deyib ki, erməni tərəfinin əsas tələbi sənədin imzalanmasından sonra onun bütün zəmanətləri özündə əks etdirməsidir. Yəni müqavilənin imzalanmasından sonra regionda dayanıqlı sülh olmalıdır”.

Qeyd edək ki, fevralın 14-də Paşinyan öz partiyasından olan deputatlarla görüş keçirib. Görüş təxminən bir saat çəkib və daha sonra baş nazir jurnalistlərin suallarını cavablandırmadan iclası tərk edib. Görüşü Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan davam etdirib ki, onu da deputatlar sıxışdıraraq Bakı ilə münasibətləri zamanında nizamlamamaqda ittiham ediblər. Ən maraqlı məqam isə Paşinyanın bu görüşü Rusiya Dumasının spikeri Vyaçeslav Volodinin “Ermənistan bir dövlət kimi məhv ola bilər” bəyanatından dərhal sonra keçirməsidir.

İlkin Həsənov
Globalinfo.az