Taxıl sazişindən çıxmaq Rusiyaya baha başa gələcək – Şərh

Xəbər verdiyimiz kimi, Rusiya iyulun 17-də Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edir.

Bəzi ekspertlər hesab edir ki, Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddiası müəyyən mənada həqiqəti əks etdirsə də Kremlin sazişdən çıxmağı təzyiq xarakterli bir addımdır.

Maraqlıdır, əgər saziş yaxın vaxtda bərpa olunmasa, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi mümkündürmü? 

Tural İsmayılov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Rusiyanın Taxıl sazişindən imtina etməsi dünya miqyasında ciddi neqativ nəticələrə səbəb olacaq:

“Rusiya və Ukrayna dünyanın iri taxıl istehsalçısı ölkələridir. Bu ölkələrin dünya bazarına çıxarılan taxılı dayandırması və ya məhdudiyyət tətbiq etməsi böhranın yaranmasına səbəb ola bilər.

Taxıl sazişi imzalanmadan öncə biz bunun şahidi olduq. Xüsusilə Kremlin hazırda sazişi tərk etdiyini açıqlaması Cənub Şərqi Asiya, Afrika və Latın Amerikası ölkələrində aclığa səbəb ola bilər.

Hesab edirəm, belə ciddi bir problem həm Rusiyanın, həm də Ukraynanın başını ağrıda bilər. Çünki bu miqyasda bir aclıq Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsi ilə nəticələnə bilər. Kreml çətin ki, yeni sanksiyalara tab gətirsin.
Hesab edirəm, bu, müvəqqəti bir haldır və Rusiya yaxın zaman ərzində sazişə qayıda bilər”.

Turan Rzayev
Globalinfo.az