Laçındakı post gedişatı dəyişdi – Ermənistan tarixi qərar ərəfəsində

Ermənistan Baş naziri Nikol Paşinyan rəhbəri olduğu Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistan üçün çətin zamanlar başlayıb. O, beynəlxalq ictimaiyyətin İrəvana təzyiqlərini artırdığını bildirib. Baş nazir söyləyib ki, beynəlxalq birlik ondan Azərbaycanla məsələnin qısa müddətdə həll etməyi, sülh müqaviləsini imzalamağı tələb edir.

Maraqlıdır, Paşinyanın verdiyi bəyanat nədən xəbər verir? Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra sülh müqaviləsinin imzalanması önündə ciddi əngəlin götürüldüyünü hesab etmək olar:

“Çünki postun qurulması “Laçın və Zəngəzur dəhlizinin eyni rejimdə işləməsi” məsələsini də aktuallaşdırır və bu, Ermənistanın istəyinə uyğundur. Sülh məsələsində Ermənistan Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılmasını istəyirdi, indi müəyyən şanslar yaranır. Eyni zamanda, ABŞ da Rusiyanın hər iki dəhlizdə nəzarətini zəiflətmək üçün bunun olmasında maraqlıdır. Hesab etmək olar ki, tərəflərin mövqeyi xeyli yaxınlaşıb. Lakin yenə də maneələr var.

Asif Nərimanlı

Birinci məsələ sərhədin delimitasiyası prosesində anklavların taleyidir, Azərbaycan Qazaxın 7 kəndi və Kərki kəndi məsələsində israr edir, İrəvanın mövqeyi bundan uzaqdır.

İkinci məsələ Qarabağdakı ermənilərlə bağlıdır. Bakının reinteqrasiya gündəliyi beynəlxalq səviyyədə qəbul olunur, lakin İrəvan bu kartı əlində saxlamağa çalışır.

Üçüncü məsələ Rusiya faktorudur. Tərəflər Vaşinqtonda görüş keçirdikdən sonra Moskvada da görüşün olması planlaşdırılır. Rusiyanın mövqeləri nə qədər zəifləsə də, hələ də təsir rıçaqları var. O baxımdan, tərəflər istəsələr belə, böyük oyunçuların maraqları prosesdə əngəllər yarada bilər”.

Turan Rzayev
Globalinfo.az