Tofiq Mirzəyevlə sonuncu dəfə Novruz bayramı ərəfəsində danışmışdım. Ara-sıra hal-əhval tutur, zəngləşirdik. Ötən illərdən, çəkildiyi filmlərdən danışanda deyirdi ki, heyif o illər keçib getdi. Toqiflə bacanaq olmuşuq, vəfatı məni kədərləndirdi, onunla bağlı yazı yazacağam.
Globalinfo.az xəbər verir ki, bunu Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyevin vəfatı ilə bağlı danışarkən deyib.
“Həyat yoldaşının ölümündən sonra Tofiq həmişəlik Bakını tərk edib İsrailə köçdü. Oğlu da onun yanında idi. Uzun zamandır xəstə idi, amma bu barədə danışmağı xoşlamazdı. Məndə olan məlumata görə artıq dəfn olunub”, – deyə A.Rzayev qeyd edib.
Qeyd edək ki, Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.
Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə “Şöhrət” ordeninə layiq görülüb. Tofiq Mirzəyev “Nəsimi”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Uşaqlığın son gecəsi”, “İstintaq” kimi filmlərdə çəkilib.