94 yaşında vəfat edən Xalq artisti Tofiq Mirzəyev yaddaşlarda bir çox filmlərdəki rolları ilə yadda qalıb. Lakin onun həyatı barədə çox az məlumatlıyıq.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, 1932-ci il iyun 16-da Gədəbəydə anadan olub.
Anası Bella İlyinşina əslən yəhudi, qardaşı Teymur Mirzəyev isə “Qaya” ansamblı ilə tanınırdı.
Tofiq Mirzəyev konservatoriyasının klarnet sinfini bitirib. Lakin qəfil xəstəlik musiqi karyerasına son qoyub. Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.
Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir. Ardınca Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir.
Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və başqa filmləri göstərmək olar. Aktyor “Mosfilm” və “Dovjenko” studiyalarında da filmlərə çəkilib.
T.Mirzəyev yaddaşlarda daha çox “Uşaqlığın son gecəsi” filmi ilə qalıb.
41 filmdə rol alan aktyor 14 iyun 2022-ci ildə – 90 yaşında Xalq artisti fəxri adına layiq görülüb və “Şöhrət” ordeni ilə təltif olunub. O, ən gec Xalq artisti adını alan tanınmışlardandır.
Uzun illər İsraildə yaşayıb və ictimai fəaliyyətlə məşğul olub. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvü idi. Yazıçı Anar ilə bacanaqdır. Teymur adlı oğlu var.
T.Mirzəyev 22 iyul 2026-cı ildə 94 yaşında vəfat edib.
