
İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan və kibercinayətkarlıq törətməklə dövlət və ictimai xadimlərin adından müraciətlər hazırlamaqda ittiham olunan Rafiq Zöhrabov və Sərdar Niftalıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Globalinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə ittiham aktı elan olunub. Daha sonra proses zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.
Cinayət işində zərərçəkmiş kimi tanınan Aysel Məmmədova bildirib ki, sosial şəbəkədə “Angelina” adlı hesabdan ona iş təklifi göndərilib:
“Onlar onlayn platformada alış-veriş etməyi təklif edirdilər. “Telegram”da xüsusi qrupları vardı. Mənə bir bank kartının rekvizitlərini göndərdilər və həmin hesaba pul köçürməyimi istədilər. Ümumilikdə 2 800 manat göndərdim: 1 000, 1 000 və 800 manat. Bildirmişdilər ki, bu pulla məhsul alınacaq. Ancaq pul göndərdikdən sonra mənimlə əlaqə demək olar ki, kəsildi. Yazışmalara çox gec cavab verirdilər. Aldadıldığımı başa düşdüm və məsələ ilə bağlı “Kapital Bank”a müraciət etdim. Oradan isə mənə polisə şikayət etməyi tövsiyə etdilər. Daha sonra hüquq-mühafizə orqanlarına müraciət etdim”.
Digər zərərçəkən Şaban Novruzlu isə bildirib ki, “WhatsApp” vasitəsilə ona mesaj gəlib. Mesajda yazılmışdı ki, onlayn satış etsəniz, pul qazana bilərsiniz. Daha sonra onun üçün hesab yaradılıb. Məhsul satıldıqca əldə olunan qazancı profil hesabında görüb. Şaban Novruzlu inanaraq bu prosesə davam edib.
Sonra qazancını çıxarmaq istədikdə, “WhatsApp”da Bella adlı xanımla əlaqə saxlayıb. O, ona bildiribi ki, yalnız hesabda min manat toplandıqda pul çıxarmaq mümkündür. Zərərçəkən ümumilikdə 5 müxtəlif bank kartına 11 600 manatdan çox pul göndərdiyini bildirib. Platformadan isə ümumilikdə 18 500 manatdan artıq qazanc əldə etməli olduğunu qeyd edib.
Aldadıldığını isə mesajlarına gec cavab verildikdə anladığını vurğulayıb. Bellaya pul məsələsi ilə bağlı nəsə yazdıqda isə hər dəfə fərqli cavablar alıb.
Mayın 1-də keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesində zərərçəkənlərin ifadələri ilə davam ediləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində cinayət işi başlanılıb.
Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ-prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü Rafiq Mahir oğlu Zöhrabov və 1979-cu il təvəllüdlü Sərdar Əlixan oğlu Niftalıyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.