Artıq günlərdir dünya mediasının manşetlərində əsas gündəm mövzularından biri də Hindistandakı vəziyyətdir. İki ayrı aksiya bir cəbhədə birləşib, gənclərin başlatdığı etirazların genişləndiyi bir zamanda ölkədə təhsilə görə yeni skandal yaşandı. Ardınca iki istiqamətdə etiraz edən aksiyaçılar birləşdi və vahid etiraz cəbhəsi formalaşdırdı.
Bəs nə baş verir?
Mayın 15-də Hindistanda keçirilən bir məhkəmə iclasında hakim ölkədəki işsiz gənclərin jurnalistika və aktivizmə yönəldiyi deyərək onları tarakanla müqayisə edib. Bu məsələ çox böyük rezonans doğurub. Ertəsi gün mayın 16-da Boston Universitetinin məzunu Abhjeet Dipke Tarakan Partiyasını yaratdığını elan edib, yüz minlərlə gənc də ona qoşulub. Hakimin sözü hökumətin ölkədəki gənclərə real yanaşması kimi qəbul edilib.
Mayın 26-da isə ölkədə tibb və digər ixtisaslar üzrə NEET qəbul imtahanları keçirilib. Sonra imtahandakı sualların aprel ayından etibarən bəzi sosial şəbəkələrdə yayıldığı ortaya çıxıb, məlum olub ki, bunu bir kimya müəllimi edib. Beləliklə milyonlarla gəncin imtahan nəticəsi ləğv edilib, müəllim saxlanılıb. Gənclər, müəllimlər və ailələr də etiraz edib, deyirlər ki, o imtahan vərəqini sayılı adam görüb, amma illərlə buna hazırlaşıb öz əməyi ilə imtahan verənlərin sayı milyonlardır. İmtahanlar təkrar keçirilsə də, etirazlar səngiməyib. Xalq təhsil nazirinin məsələyə görə məsuliyyət daşıdığını və istefa verməli olduğunu deyir. Baş nazir Narendra Modi xalqa səslənib və məsələnin həll ediləcəyini deyib. Lakin etirazçılar onun aydın mövqe ortaya qoymadığını əsas göstərərək dirənişə davam ediblər. Modi bundan sonra məsələyə parlamentdə baxılacağını bildirib, lakin insanlar onun naziri vəzifəsindən azad etmədiyini deyərək daha da qəzəbləniblər. Beləliklə milyonlarla gənc, müəllim, valideyn hazırda işsiz gənclərin bir yenicə yaratdığı Tarakan Partiyasına qoşulub. İşsizlik+imtahan skandalı bu partiyanı etirazların liderinə çevirib. Etirazçılarla polis arasında ciddi qarşıdurmalar yaşanıb, hər iki tərəfdən yüzlərlə insan xəsarət alıb. Həmçinin həbs edilənlər də var.
Hazırda vəziyyət nədir?
İmtahana görə başlayan aksiyalar hazırda hökumətin gənclər siyasətinə qarşı xalq dirənişinə çevrilib. “Bizim haqqımızı qorumurlar, amma aşağılamaqdan çəkinmirlər” deyən gənclər əvvəlcə Dehlidə kütləvi aksiyalara başlayıb, daha sonra etirazlar digər bölgələrə də yayılıb.
Bilənlər bilir, ölkə incəsənətinin “Bollivud” və “Tamil Film İndustry” kimi iki dominant film sektoru hakim partiya BJP-nin əlindədir. Hökumətin konkret dəstəklədiyi və xalq arasında təbliğatını apardıqları məşhurlar var. Bəlli produserlər, film şirkətləri, aktyorlar, aktrisalar, müğənniləri ön planda saxlayırlar. Hindistan film dünyasının xalqı ən asan manipulyasiya etdiyi, yönləndirməyi və istənilən məsələyə inandırmağı bacardığı, hətta gündəmdən fikir yayındırmağa da nail olunduğu bir ölkədir. Filmlər, məşhurlar az qala ilahi səviyyədə hörmət görür. Bunun çox bariz örnəkləri var. BJP bu quruluşdan məharətlə istifadə etməyi, dolayı yolla auditoriyanı yönləndirməyi əla bacarır. Lakin ona rəğmən bəzi aktyorlar, aktrisalar, müğənnilər aksiyalara dəstək verir, meydanlara enib xalqla dirəniş göstərirlər.
Maydan başlayan etirazlar iyulun 20-də keçirilən genişmiqyaslı aksiyadan sonra daha da genişlənib. Bu, dünyada növbəti “Gen Z” aksiyaları olaraq qəbul edilir. Hətta ölkənin əsas müxalifət lideri olan İndira Qandinin nəvəsi Rahul Qandi və partiyası da aktiv şəkildə etirazlara dəstək verir. Hindistan etirazlar ölkəsidir, amma bu aksiyalar ölkələrinin gələcəyi olan gənc nəslin səsidir. Hindistanda demokratik seçkilər keçirilir, bəli, amma bundan öncəki müddətdə xalq çox asanlıqla manipulyasiya edilir və hər dəfə də BJP-nin taktikaları işə yarayır, uğur qazanırlar. Lakin Modinin siyasi xətti çoxşaxəlidir, o xalqı yaxşı tanıyır. Təhsil nazirini istefaya göndərdiyini elan edərək xalqın arasına enib “ölkənin əsl lideri sizlərsiz” deyə də bilər, fərqli metodla aksiyalardan diqqəti yayındıra da. Əgər aksiyaçılar, Tarakan Partiyası və Rahul Qandinin qüvvələri birlikdə nazirin istefasına nail olsalar, əsl “Gen Z” küləyi gələcək dəyişikliyin başlanğıcı ola bilər. Beləliklə, 2029-cü il seçkilərində sürprizin yaşanması mümkün olar.
Ayşən Mustafa
Globalinfo.az