“Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməyənə qədər…” – Qüdrət Həsənquliyev

Globalinfo.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Sözügedən müsahibəni təqdim edirik:

– Qüdrət bəy, sülh sazişi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin son çıxışına Paşinyanın münasibətini necə qarşıladınız?

– Paşinyan da Ter-Petrosyan, Köçəryan, Sarkisyan kimi işğalçı müharibə aparmış hərbi canidir. 44 günlük savaşda hər iki tərəfdən itirilən 8 minə qədər insanın həyatına görə Paşinyan məsuliyyət daşıyır. Geosiyasi reallıqlar imkan versəydi, Azərbaycan İrəvana qədər irəliləyib erməni faşizminə son qoymalı, adlarını çəkdiyim və qeyd etmədiyim digər müharibə canilərini tutub ədalət mühakiməsi qarşısına çıxarılmalıydı. 1945-ci ildə müttəfiqlər tərəfindən alman faşizmi məhv edildiyi kimi, Ermənistanda da erməni faşizmi məhv edilməli, yeni qonşulara qarşı ərazi iddiası ilə çıxış etməyən, sülhpərvər hakimiyyət formalaşdırılmalı idi. Çox təəssüf ki, dünyanın acı reallıqları buna imkan vermədi və vermir. Bizim seçki platformamızda da öz əksini tapıb ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməyənə qədər Ermənistanla sərhədlər açılmamalıdır. Qısa zamanda sülh danışıqlarında nəticə olmasa,  Azərbaycan Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən, 1990-cı ildə işğal olunmuş və bu gün də işğal altında qalan, anklav olmayan 4 kəndini güc tətbiq etməklə azad etməlidir. Ermənistan absurd təkliflərlə sülh danışıqlarını Rusiyanın Ukaraynada məğlub olacağı günə qədər uzatmaq istəyir. Ən azından həmin müharibənin sonunu gözləyir. Düşünürlər ki, Rusiyanın məğlubiyyəti hakimiyyət dəyişikliyinə yol açacaq və bu zaman yeni Qərbyönümlü Rusiya hakimiyyəti Qərbin tapşırığı ilə 1-ci Qarabağ savaşında Qarbaçov və Yeltsinin timsalında olduğu kimi onların işğal siyasətini dəstəkləyəcək. Ona görə Azərbaycan öz sözünü deməli, qısa bir zamanda işğaldan azad olunmuş və yaşayış üçün yararlı şəhər və kəndlərə qaçqın və məcburi köçkünləri yerləşdirməlidir. Azərbaycanın digər bölgələrindən olan insanlara imkan yaradılmalıdır ki, gedib həmin ərazilərdə torpaq alıb Azərbaycanın bu dilbər guşəsində özlərinə ev tiksinlər. Ağdam 150-200 min nəfərlik paytaxt şəhəri kimi tikilməli idi. Bu, Bakının yüklənməsinin qarşısını alar, Qarabağın inkişafına töhfə verərdi.

Sonda onu demək istəyirəm ki, Paşinyanın bu çıxışından sonra Azərbaycan sülh danışıqlarının şərtlərinə müharibə canilərinin cəzalandırılması və Ermənistanın təzminat ödəməsi məsələsini də daxil etməlidir.