pasinyan 900x600 2

Rusiya İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva ilə iqtisadi və siyasi münasibətlərə alternativlər axtarılması barədə açıqlamalarına cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Reşetnikov bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistan üçün əsas ixrac bazarı olmaqla yanaşı, ölkənin iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan resursların da əsas təchizatçısı olaraq qalır.

Nazirin sözlərinə görə, Ermənistanın Rusiya və digər Aİİ ölkələrinə ixrac etdiyi məhsulların həcmi Moskva üçün əvəzolunmaz deyil. O iddia edib ki, Rusiya Ermənistandan idxal etdiyi malları ciddi çətinlik çəkmədən alternativ mənbələr hesabına əvəz edə bilər.

Reşetnikov enerji məsələsinə də toxunaraq vurğulayıb ki, Ermənistanın Aİİ-dən kənarda Rusiyanın təqdim etdiyi qədər sərfəli şərtlərlə qaz və digər enerji resursları əldə edə biləcəyi inandırıcı görünmür.

Rusiyalı nazir Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı müzakirələrə də münasibət bildirərək qeyd edib ki, şirkət Ermənistanın dəmir yolu infrastrukturunu pulsuz əldə etməyib, əksinə, onun modernləşdirilməsi və inkişafı üçün əhəmiyyətli investisiyalar yatırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: