“Misirin dostu və tərəfdaşı olmaq Azərbaycan üçün faydalıdır” – Elxan Şahinoğlu

“Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri Qahirənin ölkəmizlə və bölgəmizlə əlaqələrə marağından irəli gəlir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Sisi Azərbaycandan sonra Ermənistana gedəcək:

“Hər halda Cənubi Qafqaza səfərin başlanğıcı kimi Azərbaycanın seçilməsi əhəmiyyətlidir. Bakı ilə Qahirə arasındakı münasibətlərin inkişafı imkanları var.

Misirin dostu və tərəfdaşı olmaq Azərbaycan üçün faydalıdır. Misir Afrika qitəsinin və ərəb dünyasının aparıcı ölkələrindən biridir. Misir Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri qədər varlı olmasa da, geosiyasi mövqeyinə görə aparıcı dövlətlər, Qahirənin siyasəti ilə hesablaşırlar. Bu səbəbdən Misirlə sıx əlaqələrin varlığı Azərbaycanın maraqlarına cavab verir”.

Politoloq qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş illərdə Sisini çevriliş edən diktator adlandırsa da hazırda onunla dialoqu genişləndirmək üçün imkanlar axtarır:

“Çünki Misirlə münasibətlərin soyuması Türkiyənin maraqlarına cavab vermir”.

Turan Rzayev
Globainfo.az